Nazirlik 58 min nəfəri peşə hazırlığına cəlb edib
Ölçü:


Bu ilin 5 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşə hazırlığı, əlavə təhsil kurslarının təşkili və peşəyönümü tədbirlərinə cəlb olunanların sayı 58 min 32 nəfər təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Koordinat.az-a verilən məlumata görə, onlardan 1887 nəfəri (o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 1796 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 91 nəfər) üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Elektrik montyoru, mebel quraşdırıcısı, xalçaçılıq, qənnadçı, kompyuter istifadəçisi, dərzi, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, elektrik qaynaqçısı və s. peşələr üzrə təşkil olunan kurslarda ənənəvi peşə təhsili proqramları ilə yanaşı, modul tədris üsullarından da geniş istifadə edilib. Kursları bitirənlərə peşə sertifikatları təqdim olunub.

Yanvar-may aylarında Dövlət Məşğulluq Xidməti tərəfindən 56 145 nəfər gənc isə peşəyönümü tədbirlərinə cəlb olunub. Gənclərin əmək bazarının tələbləri nəzərə alınmaqla düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi məqsədilə keçirilən tədbirlərdə bir sıra hallarda valideynlərin də iştirakı təmin olunub. Tədbirlər zamanı iştirakçılar əmək bazarında mövcud vəziyyət, peşə və ixtisaslara olan tələbat barədə ətraflı məlumatlandırılıb, gənclərə peşəyönümü məsləhətləri verilib.
19.06.2017 10:43:59
Oxuma sayı: 430