Seçicilərin etirazla qarşıladığı deputatların siyahısı
Ölçü:

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat və təşviqat mərhələsi bu gün başa çatır.

Koordinat.az xəbər verir ki, bu mərhələ daha çox növbəti dəfə parlamentdə təmsil olunmaq istəyən deputatlardan bəzilərinin seçilərin sərt etirazları ilə qarşılnaması ilə yadda qaldı. Yenisabah.az seçicilərin etirzla qarşıladığı deputatların siyahısını hazırlayıb. Həmin siyahını oxuculara təqdim edirik.

95 saylı Tərtər seçki dairəsindən deputatlığa namizəd Sahib Aliyev: Sahib Aliyev 10 ildir ki, bu dairənin deputatı kimi parlamentdə oturur. Lakin keçirdiyi görüşlərdən görünür ki, 10 il ərzində seçicilərin rəğbətini qazana bilməyib. Seçicilər də onu əsasən “10 il idi harada idin?” sualı ilə qarşılayırlar. Sonuncu dəfə isə Sahib Alıyev görüşü yarımçıq saxlamaq məcburiyyətində qalıb. Çünki seçicilər deputata danışmaq imkanı verməyib və onu dəstəkləmədiklərini bəyan ediblər.

42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd Tahir Mirkişili: Tahir Mirkişili 2015-ci ildə keçirilən beşinci çağırış Milli Məclisə keçirilən seçkilərdə bu dairənin qalibi elan olunub. Deputat bir neçə gün əvvəl “Stansiya Sumqayıt” adlanan yaşayış məntəqəsində seçicilərlə görüşdə etirazla qarşılanıb. Görüşdə az sayda iştirak edən seçicilər deputatın fəaliyyəti ilə bağlı iradlarını bildirməklə yanaşı tədbirə büdcə təşkilatlarının nümayəndələrinin gətirilməsinə etiraz ediblər.

60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı
: Fəzail Ağamalı 25 ildir deputatdır. O, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisdə 60 saylı Salyan-Neftçala seçki dairəsini təmsil edib. İndi dördüncü dəfə bu dairədən mandat qazanmaq istəyir. Amma bu dəfə seçicilərin ciddi təpkisi üzləşib. Dünən isə etirazlar qarşıdurma səviyyəsinə çatıb. Seçicilər Fəzail Ağamalının rəqibi Kamil Musavini dəstəklədiklərini bəyan edərək Fəzail Ağamalını görüş keçirdiyi ərazidən uzaqlaşdırıblar. Deputat isə hüquq-mühafizə orqanlarına müraciət ünvanlayaraq təxribatla üzləşdiyini, hücuma məruz qaldığını iddia edib.

110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Elşən Musayev:
Elşən Musayev 2015-ci ildə keçirilən parlament seçkilərində bu dairədən mandat qazansa da, seçicilərin rəğbətini qazana bilməyib. Hər halda onun Zaqatalanın Muxax kəndində keçirdiyi görüşdə sərt təpkilə üzləşməsi faktı var. Deputat etirazlara davam gətirməyərək görüşü yarımçıq saxlayıb. Seçicilər isə onu fitə basaraq yola salıblar.

30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd Sevinc Fətəliyeva: Sevinc Fətəliyeva 2010 və 2015-ci ildə keçirilən parlament seçkilərində bu dairənin deputatı elan edilib. Amma seçicilərinin sözlərindən belə anlaşılır ki, 10 ildir onu görmürlər. Sevin Fətəliyevanın da etirazlarla qarşılandığının videogörüntüləri sosial şəbəkələrdə yayılıb və ciddi müzakirələrə səbəb olub.

80 saylı İmişli-Beyləqan seçki dairəsində deputatlığa namizəd Çingiz Qənizadə
: 10 ildir bu dairənin deputatı olan Çingiz Qənizadə demək olar ki, hər görüşdə seçicilərin etirazları ilə qarşılanır. Müşahidələr göstərir ki, xüsusilə İmişlidə  Çingiz Qənizadəyə münasibət ürəkaçan deyil.
07.02.2020 13:39:00
Oxuma sayı: 233