Tibb işçilərinin peşə bayramına...nekroloq əvəzi
Ölçü:


Mahir HACİB,
Kəlbəcər rayonu Dəlidağ (Başlıbel) kəndi

17 iyun  tibb işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu il həkimlərin peşə bayramı həftənin şənbə gününə təsadüf edir. Sona yaxınlaşan həftə müdhiş bir xəbərlə başladı. Saytlarda Kliniki Tibbi Mərkəzin həkiminin sükan arxasında dünyasını dəyişdiyi xəbəri ildırım sürəti ilə yayıldı.

Ömrünün yetkin yaşında  daha bir həkim peşəsinin vaxtsız qurbanı oldu. Qısa müddət ərzində Kliniki Tibbi Mərkəzin ömrünün ən çiçəklənən dövründə bir neçə həkim dünyasını dəyişmişdir. Pirəli həkim, Çingiz həkim, Əlizamin həkim, Rasim həkim, İlham həkim və nəhayət Fikrət həkim. Heç birinin 55  yaşı tamam olmadı...

Bu nədir? Bəzi qorxunc xəstəliklər cavanlaşdığı kimi, bu peşənin keşiyində dayanan həkimlərin ölüm yaşı da cavanlaşırmı? Səbəb nədir? Vaxtsız qurbanların günahını kimdə axtaraq?

Fikrət həkimi tanıyanlar bilirdi ki, o peşəsinin dəlicəsinə vurğunu olub, yorulmaq bilmədən ömrünü şam kimi əridirdi. Belə olmasaydı, istirahət günü əvvəl xəstəxanandakı xəstələrinə, sonra isə evlərdəki xəstələrinə baş çəkməzdi və bu hadisə də baş verməzdi. Fikrət həkim  dünyasını hamının istirahət etdiyi vaxtda xəstələrinə baş çəkdikdən sonra dəyişdi.

Onu tanıyanlar yaxşı bilirdilər ki, o uşaq kimi təmiz və sadəlövh olub, nurlu bir qəlbə malik idi. Onu yaraşıqlı, daim səliqəli, bir qədər də rəsmi libasda  görmək olardı. İri cüssəli olsa da, uşaq kimi sadəlövh idi. Çoxbilmiş “cırtdanlar” hər addımbaşı onu aldadırdılar, onun haqqını yeyirdilər. O isə belə şeylərə fikir verməzdi. Heç fərqinə də varmazdı. Əksinə, bir tikə çorəyi olsa belə, onu hamıyla bölürdü. Ziyafət adamı idi, qürürlu idi, heç vaxt çətinlikdən qorxmazdı. Eyni vaxtda bir neçə vəzifənin öhdəsindən gəlirdi. Ömrünü çalışdığı universitetin ictimai işlərinə sərf etmişdi. Universitetin ictimai işlərində yay-qış, gecə-gündüz hamıdan qabaqda gedərdi və bununla qürur duyardı.

Bəs, nəyin qurbanı oldu Fikrət həkim? Bəlkə daim onu izləyən haqsızlığın, laqeydliyin, sayğısızlığın, qayğısızlığın?

Fikrət həkimin ürəyi sonsuz arzularla dolu idi. Bəlkə də ona görə ürəyi  öküz ürəyi kimi şişmişdi. Bütün arzuları yarımçıq qaldı. Onun ən böyük arzularından biri Vətənimizin dilbər guşəsi Kəlbəcəri görmək idi. Kəlbəcəri ömründə bir dəfə də olsun, görməyən Fikrət həkimin Kəlbəcər adı gələndə gözləri yaşarırdı. Deyirdi sizin kəndin ayağından başınadək ayaqyalın gedəcək. Bu arzusu da çin olmadı.
Qəbrin nurla dolsun, rahat yat. Bil ki, sənin əziz xatirən səni tanıyanların, doğmalarının və övladlarının xatirində əbədi yaşayacaqdır.

 Nekroloq əvəzi:
Dayan ürək, heydən düşmüş dəvə hey
Tapdalanmış rəngi solux, gəvə hey
Az döyəclə ilmələri həvə, hey
İpə yatmaz bir də ömrün hanası
Günahkarıq, günahkarıq, günahkarıq qadası.

Göy üzünə sığışmayan yağış  mən
Gözlərmdə yaşa dönmüş baxış mən
Yer üzünə yaraşmayan naxış mən
İpə yatmaz bir də ömrün hanası
Günahkarıq, günahkarıq, günahkarıq qadası.

Ömür ki, var bir iynədir, bir də sap
Nə itir ki, nə də axtar, nə də tap
Ha tapdala, ha da yoğur, ha da yap
İpə yatmaz bir də ömrün hanası
Günahkarıq, günahkarıq, günahkarıq qadası.

Yenə də divləri aldatdı cırtdan
Yenə yuxulara hakimdir xortdan
Dərs ala bilmədik babamız qurddan
İpə yatmaz bir də ömrün hanası
Günahkarıq, günahkarıq, günahkarıq qadası.

Ömür yarımçıqmış, arzu bir bölük
Arzular, istəklər üzləri dönük
Bir ömür yaşadım çırağı sönük
İpə yatmaz bir də ömrün hanası
Günahkarıq, günahkarıq, günahkarıq qadası.


17.06.2017 00:24:18
Oxuma sayı: 1371