Büdcə pullarının xərclənməsinə nəzarət artırılıb
Ölçü:


Büdcə vəsaitlərinin xərclənməsində nəzarət mexanizmi artıb və şəffaflıq təmin olunub.

Koordinat.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov nazirlikdə keçirilən kollegiya iclasında çıxış edərkən deyib. Maliyyə Nazirliyinin daimi fəaliyyətində informasiya texnologiyalarının və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqinə böyük önəm verildiyini vurğulayan S. Şərifov dövlət büdcəsinin icrası ilə yanaşı, büdcənin formalaşdırılması prosesinin və onunla əlaqədar olan bütün növ əməliyyatların tam avtomatlaşdırılması, habelə avtomatlaşdırılmış daxili sənəd dövriyyəsi sisteminin nazirliyin bütün tabeli qurumlarında da tam tətbiqi üçün müvafiq işlər görüldüyünü, hazırda bir çox büdcə təşkilatlarında əsas vəsaitlərinin uçotu, dövlət büdcəsinin tərtibi prosesinin proqnozlaşdırılması və digər istiqamətləri tənzimləyən müvafiq proqram təminatlarının müvəffəqiyyətlə istifadə olunduğunu bildirib və “ASAN xidmət” ilə birlikdə istifadəçi büdcə təşkilatlarının əhatə dairəsinin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Hazırda bütün növ xəzinə əməliyyatlarının icrasının və uçotunun real vaxt rejimində elektron imzadan istifadə etməklə həyata keçirildiyi, nəticədə, büdcə vəsaitlərinin xərclənməsində nəzarət mexanizminin artdığı və şəffaflığın təmin olunduğu qeyd olunub, əməliyyatların tam avtomatlaşdırılması işlərinin bütün ölkə ərazisində tətbiqi işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bildirilib ki, ötən il ilk dəfə olaraq büdcə müzakirələrində ictimai iştirakçılığın təşviqi, büdcəöncəsi debatların və açıq müzakirələrin başlamasına imkanın yaradılması məqsədi ilə büdcə müzakirələrinin başlamasına 1 ay qalmış “Dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” dərc olunub, ardınca büdcə layihəsinin təqdimatı, ortamüddətli dövr üçün icmal və dövlət büdcələrinin əsas parametrlərini, o cümlədən də makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları əhatə edən sənədlər toplusu nazirliyin saytında dərc olunaraq ictimaiyyətə açıqlanıb. Bu işin davam etdirilməsi və mütəmadi şəkil alması nazirliyin aidiyyəti bölmələri tərəfindən təmin olunmalıdır.

İclasda 2020-ci ildə Maliyyə Nazirliyinin qarşısında duran vəzifələr sırasında 2021-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması və “Büdcə sistemi haqqında” Qanunda qoyulmuş tarixlərə uyğun olaraq aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı işlərin təşkilinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, ortamüddətli xərclər çərçivəsinə uyğun tərtib ediləcək 2021-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin hazırlanması ilə bağlı 39 bənddən ibarət «Tədbirlər Planı» təsdiq edilib. Bundan əlavə, dövlətin maliyyə resurslarının proqramlara və strateji hədəflərə uyğun icrasının təmin edilməsi, dövlət orqanları üzrə büdcənin həmin orqandan gözlənilən nəticələr əsasında tərtib edilməsi, əsas nəticələrin aydın müəyyənləşdirilməsi, ortamüddətli xərclər çərçivəsinin tətbiqi ilə bağlı zəruri tədbirlərin sürətləndirilməsi və nəticəəsaslı büdcə tərtibi mexanizminə keçidin təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin Fərmanı ilə 2020-ci il pilot dövr kimi, büdcə xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələri isə pilot sektorlar kimi müəyyən edilib.

Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2019-cu ildə dövlət büdcəsi vəsaitlərinin təyinatı üzrə istifadəsinə il ərzində nəzarət tədbirləri davam etdirilib, risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən 2020-ci il üzrə də İş Planı tərtib olunaraq təsdiq edilib, dövlət büdcəsinin vəsaitlərinin istifadəsinə nəzarətin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verilib.

Nazir bildirib  ki, sənaye istehsalı və kənd təsərrüfatının inkişafı, iqtisadiyyatın aparıcı sahələrinin modernləşməsi və şaxələnməsi, iqtisadi səmərəliliyin və dayanıqlılığının təmin edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, ölkədə həyata keçirilən irimiqyaslı sosial və infrastruktur layihələrin reallaşdırılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı hökumət qarşısında bir sıra vəzifələr qoyulub. Bu vəzifələrin həyata keçirilməsi üçün cari və növbəti illərdə dövlət və icmal büdcələrində lazımi maliyyə təminatı yaradılacaq.

06.02.2020 12:27:00
Oxuma sayı: 158