7 rayonun qaytarılması məsələsi ciddiləşir – Politolqdan maraqlı açıqlamalar
Ölçü:

“Bu gün Qarabağ ətrafındakı 7 rayonun qaytarılması işğalçı Ermənistanın qarşısına zəruri bir tələb kimi qoyulub. Amma Ermənistan tərəfi heç 5 rayonun Azərbaycana qaytarılmasına hazır deyil. Buna baxmayaraq, 7 rayonun azad olunması məsələsi Ermənistanın qarşısına ciddi tələb kimi qoyulub”.

Koordinat.az xəbər verir ki, politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibəsində belə deyib. O, bildirib ki, Ermənistan hakimiyyəti cəmiyyətdən qorxduğundan Qarabağla bağlı məlumatların ictimai rəyə sızmasını istəmir. Ancaq Ermənistanın qarşısına ciddi tələblər qoyulduğu, ciddi təzyiqlərin olduğu heç kimə sirr deyil:" Avropa İttifaqı, Avropa Parlamenti, NATO kimi beynəlxalq qurumlar və ABŞ keçmiş SSRİ məkanındakı regional münaqişələrin həlli ilə bağlı konkret mövqeyini irəli sürdü. Bu mövqe də erməniləri ciddi şəkildə qıcıqlandırır. Çünki bu mövqe danışıqların ümumi məzmununa təsir edir, Ermənistandan ciddi güzəştə getməsi tələb edilir.

Politoloq beynəlxalq güclərin Azərbaycanı da nələrəsə vadar etmək istədiklərini, amma rəsmi Bakının bu tələblərə razılıq vermədiyini deyir: "Çünki söhbət ölkəmizin ərazi bütövlüyündən gedir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsi təklif olunur. Azərbaycan Ermənistana bundan artıq güzəşt edə bilməz, etməyəcək. Bu baxımdan münaqişə qızışmasın, danışıqlar prosesi pozulmasın deyə, məxfilik prinsipinin tətbiqi qərara alınıb. Mediaya aparılan danışıqlara bağlı məhdud məlumatlar verilir. Əlbəttə, xarici işlər nazirlərinin Cenevrədə baş tutan sonuncu görüşündə konkret məsələlər ətrafında müzakirə aparıldı. O da qeyd edilir ki, ilk dəfədir görüşdə konkret mövzuya dair danışıqlar aparılıb.Zənnimcə, danışıqların məxfilik prinsipi əsasında aparılması bir taktikadır. Bu taktikaya etiraz etmək də olmaz, eyni zamanda, bunun ziyan gətirəcəyini də düşünmürəm.

Qabil Hüseynli deyib ki, son günlərdə vaxtilə Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin rəisi, müdafiə naziri postlarını tutmuş şəxslər Nikol Paşinyanın ciddi güzəştlərə, hətta Dağlıq Qarabağı Azərbaycana qaytarmağa hazırlaşdığını iddia edən yazılarla çıxış edirlər. Onun sözlərinə görə, uzun müddətdir başda ABŞ olmaqla NATO ölkələri 7 rayonun Azərbaycana qaytarılmasını Paşinyanın qarşısında ciddi tələb kimi qoyublar: "Ötən il ABŞ-ın BMT-dəki daimi nümayəndəsi açıq şəkildə bəyan etdi ki, biz münaqişənin həllinə nail olmaq istəyiriksə, bölgədə Ermənistan əsgəri qalmamalıdır, onlar işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Avropa Parlamentinin “Post-Sovet məkanındakı münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” bəyanatı da bundan irəli gəlir. Başqa sözlə, Ermənistandan 7 rayonu tələb edən və öz mövqelərində sadiq qalanlar Qərb dünyasına daxil olan ölkələrdir".

Rusiyanın mövqeyinə gəlincə, politoloq deyir ki, Kreml yenə də 5 rayon məsələsinin üzərində dayanıb: "Rusiya Dağlıq Qarabağ münaqişəsindən maksimum divident qazanmağa çalışır. Hər iki tərəfi öz nəzarətində saxlamaq üçün 5 rayon və sülhməramlı qoşun məsələlərini ortaya atır. Moskva “sülhməramlı qüvvə” deyəndə, Rusiya qoşunlarının regionda yerləşdirilməsini nəzərdə tutur. Azərbaycan və Qərb isə Rusiyanın bölgədə “sülhpərvər rolu”nda çıxış etməsini qəbul etmək istəmir. Ümumiyyətlə, Rusiyanın bu məsələdə axıra qədər səmimi olduğunu söyləmək çox çətindir. Yəni Rusiyanın beynində olan əsas məsələ 5 rayonun geri qaytarılması ilə bağlıdır, Qərb isə 7 rayona israr edir".
05.02.2020 12:34:00
Oxuma sayı: 37482