Leyla Şıxlinskaya 8 milyonluq vergi cinayəti barədə: "Görək kim təqsirli olacaq?!"
Ölçü:


"Leyla Şıxlinskaya" klinikasının sahibi Leyla Şıxlinskaya barəsində külli miqdarda vergidən yayınmağa görə cinayət işinin başlanması xəbərinə münasibət bildirib.

Koordinat.az xəbər verir ki, Leyla Şıxlinskaya Lent.az-a açıqlamasında cinayət işinin ona yox, klinikada baş vermiş mənimsəmə və külli miqdarda vergidən yayınma faktlarına görə başlandığını deyib: “Hələlik araşdırmalar aparılır. Baxaq görək nəticəsi nə olur, kim təqsirli olacaq?! Ondan sonra konkret söz demək olar. Klinikada mühasibatlıq çox özbaşınalıqlar edib. Mən də bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Mənim klinikanın idarə edilməsində, sənədlərə qol çəkilməsində heç bir səlahiyyətim olmayıb. Yalnız adım klinikanın adında qeyd edilib, vəssalam. Mənim barəmdə cinayət işinin açılması söhbəti yalandır”.

Qeyd edək ki, bir müddət əvvəl “Leyla Şıxlinskaya” klinikasında aparılan yoxlamalar zamanı müəssisənin 8 milyon manat vergidən yayındığı aşkarlanıb. Faktla bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə iş başlanılıb.

Xatırladaq ki, həmin klinika ilə bağlı daha bir mənimsəmə işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Belə ki, "Leyla Şıxlinskaya" klinikasının mənimsəmədə təqsirləndirilən keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevanın işi ayrıca icraatda aparılır. Təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir.
19.01.2018 17:51:00
Oxuma sayı: 1060