Şimal rayonlarında icbari tibbi sığortanın tətbiqinə başlanıb
Ölçü:

"Yanvarın 1-dən şimal rayonlarında vətəndaşlar icbari tibbi sığorta sistemindən faydalanmağa başlayıb".

 Koordinat.az
-ın məlumatına görə, bunu "KIV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması" mövzusunda keçirilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib. O, qeyd edib ki, 1 aya yaxın müddətdə şimal bölgəsində icbari tibbi sığorta sisteminin tətbiqilə bağlı nəticələr qənaətbəxşdir: "Bu bölgədə tibb müəssisələrinə edilən müraciətlərin sayı dəfələrlə artıb. Artıq bahalı əməliyyatlar üzrə 700-ə yaxın müraciət edilib ".

Əsas məqsədlərdən birinin əhalinin səhiyyə xərcləri ilə maliyyə yükünün azaldılması olduğunu deyən V.Qurbanov əlavə edib ki, aprelin 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılacaq. Departament rəhbəri qeyd edib ki, iki və daha çox yerdə işləyən, iki və daha çox mənbədən gəlir əldə edən şəxslər hər bir gəlir və iş yeri üzrə icbari tibbi sığorta haqqı ödəməlidir. Vətəndaş tibbi xidmətə müraciət etdikdə ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisələri olmalıdır. Hər bir ailə həkiminə 1800-2500 şəxs, ailə pediatrı həkimlərinə 800-ə qədər uşaq təhkim olunacaq.

V.Qurbanov bildirib ki, vətəndaş xəstəxanaya gəldikdə mütləq şəkildə şəxsiyyət vəsiqəsini təqdim edərək qeydiyyatdan keçməlidir: "Xəstə xəstəxanaya müraciət edərək mənim burada yatmağıma icazə verin deyə bilməz. Buna ixtisaslı həkimlər qərar verməlidirlər".


30.01.2020 11:19:00
Oxuma sayı: 618