Axı sən nə istəyirdin, Tofiq Qasımov?! - Bahəddin Həziyev yazır
Ölçü:

Böyük İnsan, Vətəndaş və Ziyalı haqqında rekviyem yerinə

Xarici işlər naziri özü iş yerimə zəng edib məni tapdı (o zaman mobil telefon hələ ölkəmizə gəlməmişdi). İrana səfərində jurnalist kimi iştirak etmək istəyib-istəmədiyimi soruşdu. "Xarici pasportum yoxdur" dedim. Dedi: "Vaxta var, həll edə bilərsn".

***
...Səhər obaşdan durub getdim, növbə tutdum. Sənədlərimi verdim. Pasportun hazırlanması bir az zaman aldı. Ancaq çatdıra bildim. XİN əməkdaşları isə tez-tez zəng edib maraqlanırdı; pasport nə oldu deyə. Qərəz, diktafonumu, çantamı, evdə olan-qalan pulumu (60 dollarımı) götürüb nazirin nümayəndə heyətində Tehrana getdim. Bu, mənim ilk, İrana isə ilk və son xarici səfərim idi ( o zamandan sonra bir daha İrana getməməyi özümə söz verdim).

***
Bakıdan uçanda səfər proqramımızda Tehran və Təbriz şəhərlərinin adları vardı.Səfərin ikinci günü İran tərəfinin protokolçuları proqramda Təbrizi Məşhəd şəhəri ilə əvəzləmişdilər. Nazir israr edib bunu dəyişdirdi; "Ya Tehrandan Təbrizə gedəcəm, ya Bakıya qayıdacam" deyə demarş etmişdi. O səfərdə mənim üçün ən yaddaqalan Şəhriyarın məqbərəsini ziyarətimiz və Azərbaycanın xarici işlər nazirini Təbriz küçələrində görəndə əlini sıxan, Bakıya salamlar göndərən Azərbaycan türklərinin sevinc göz yaşları idi. Təbrizin ucu-bucağı görünməyən Şəhidlər Xiyabanı isə əbədi bir dərd kimi içimə çökdü; İran-İraq savaşında nə qədər can vermişik! Mən orda - o Şəhidlər Xiyabanında nazirin gizlətməyə çalışdığı, amma gizlədə bilmədiyi göz yaşlarını da gördüm.

***
...Bakıya dönərkən təyyarənin biznes-klassında nazir bizə bilirsiniz nə danışdı! Xarici İşlər Nazirliyinin mühasibatından ona ödənilmiş ezamiyyət haqqının məbləğini dedi, həmin məbləğə toxunmadığını, mühasibata geri verəcəyini, qızlarına, həyat yoldaşına kiçik simvolik hədiyyələri isə öz puluna aldığını əlavə etdi.

***
...Tofiq Qasımovun hər dəfə adı gələndə mən o səfəri və təyyarədəki o söhbəti xatırlayıram. Ağstafada doğulub, Ağdaşda böyümüşdü; sadə, səmimi, tər-təmiz kənd balası, amma həm də böyük alim, siyasi xadim, dövlət xadimi... O zamankı İttifaqda elmi dairələrdə tanınan, qəbul edilən fizik idi. Rus və ingilis dillərini bilirdi; Sankt-Peterburqda elmi iş müdafiə etmişdi, orda çalışmışdı, Prezident Yeltsin dönəmində Rusiya Dövlət Dumasında rus dilində Azərbaycanın maraqlarının, Qarabağın müdafiəsi üçün ağıllı, prinsipial, qətiyyətli - tək kəlmə ilə desək, mükəmməl çıxışı yadımdadır. Eləcə də, özü dəqiq elmlər sahəsinin alimi olsa da, Konstitusiya hüququnu, dövlət hüququnu mükəmməl öyrənmişdi. Konstitusiyaya əlavə və dəyişikliklərin, qanunların layihələrini hazırlayırdı. O layihələri parlamentdə elə təqdim edirdi ki, peşəkar hüquqçular da mat qalırdı. O səbəbdən hüquqçunun tutmalı olduğu postu - Dövlət quruculuğu komissiyanın da sədrliyi ona tapşırılmışdı. Azərbaycanın Dövlət Müstəqilliyi bəyannaməsinin və Konstitusiya Aktının müəlliflərindən biri idi.

***
Tofiq bəy çox dərin biliyi, geniş dünyagörüşü, səlis nitqi, dəmir məntiqi ilə seçilən alim və siyasətçi idi. Böyük Vətəndaş və gözəl İnsan idi. Həyatı da, məişəti də çox təvazökar idi; Elmlər Akademiyasında elmi işçi olanda hansı evdə yaşayırdısa, deputat, daha sonra nazir olanda da həmin evdə yaşadı. Vəzifəyə hansı geyimdə, hansı maddi durumda gəlmişdisə, eləcə də, getdi. Elmi işçi olanda da, deputat olanda da, Milli Məclisdə komissiya sədri olanda da, hərəkatda da, hakimiyyətdə də eyni adam idi; öz halal maaşı ilə dolandı. Kimsəyə boyun əymədi, xalqın, dövlətin malına, puluna əl uzatmadı. Canını, ömrünü, sağlamlığını, elmini, biliyini xalq üçün,müstəqil dövlət quruculuğu üçün qoydu.

***
Prezident Əbülfəz Elçibəyin hakimiyyəti devrildikdən sonra o da nazir postundan, daha sonra - 1994-cü ilin mayında Rusiya qoşunlarının Azərbaycana qayıdışı cəhdinə etiraz mitinqində iştirakına görə Milli Məclisin deputatlığından uzaqlaşdırıldı. Hətta "dövlət çevrilişinə cəhd" ittihamı ilə (qondarma cinayət işi üzrə) həbsxana həyatı da yaşadı. Toriq Qasımov kimi möhkəm iradəsi, daxili konstitusiyası, prinsipial mövqeyi olan adama öz qurduğu dövlətin hüquq-mühafizə orqanları "reaktiv psixoz" diaqnozu qoydu. Ona layiq olmadığı ağrılar, zülmlər yaşatdılar. Ancaq Tofiq bəyin həyatında və düşüncəsində heç nəyi dəyişməyə nail ola bilmədilər. Tofiq Qasımov bir dəyanətli, ləyaqətli insan ömrünün nümunəsi oldu. Həm də faciəli. Çünki öz canından çox sevdiyi Vətənindən, əlləri ilə qurduğu dövlətindən uzaqda - İsveçrədə yaşadı, orada da dünyasını dəyişdi. Mən onun ölüm xəbərini bu gün aldım. Artıq orda dəfn olunub. Çox üzüldüm. Belə insanlara Vətən qucaq açmalı ikən, əksinə onu Vətənsiz qoydular. Ömrünün ahıl çağlarında qürbətdə yaşamaq zorunda qaldı. Bu, Tofiq Qasımov kimi ziyalıya, insana, mübariz şəxsiyyətə - millət fədaisinə layiq bir münasibət deyildi.

***
Onun adı gələndə 90-cı illərin əvvəllərində - hərbi qiyam və dövlət çevrilişi günlərində səslənən bir sual xatırlanır hər zaman: "Axı sən nə istəyirsən, Tofiq Qasımov?!" O zamandan illər keçdi, Tofiq Qasımovun nə istədiyi də, nələri istəmədiyi də məlum oldu. Öz həyatı və hətta bu gün ölümü ilə də bu suala cavab vermiş oldu. Tofiq Qasımov azad vətəndaş, varlı ölkə, xoşbəxt cəmiyyət, demokratik dövlət istəyirdi. Daha nə istəsin ki?! Allaha əmanət olun, Tofiq Qasımov. Köhnə kişi, Böyük kişi!

Mübarizəsinə, Əqidəsinə və Ruhuna böyük ehtiramla;
Bahəddin Həziyev

29.01.2020 19:52:00
Oxuma sayı: 2423