Səhiyyə Nazirliyi: “İnfeksiyanın səbəbi paylayıcı su şəbəkəsi ola bilər”
Ölçü:


Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlanıb.

Koordinat.az
xəbər verir ki, həmin virus  Rotavirus infeksiyasıdır. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Modern.az-a verdiyi məlumata görə, uşaqlar arasında mədə-bağırsaq infeksiyasının baş verməsilə əlaqədar dərhal operativ qərargah yaradılıb: “Uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə Rotavirus infeksiyası aşkar edilib. Yayılma yolunun əsasən su olduğu nəzərə alınaraq infeksiyanın baş vermə səbəbinin paylayıcı su şəbəkəsinin olduğu ehtimal edilir. Qeyd olunanlarla əlaqədar suyun təmizlənməsi və zərərsizləşdirilməsi tibbi nəzarətə götürülüb. Hazırda suyun tərkibi dövlət standartlarına cavab verir".

Nazirlik rəsmisi bildirib ki, ümumilikdə son dörd gün ərzində 136 uşaqda bu infeksiya aşkarlanıb. Hazırda 46 uşağın stasionar müalicəsi davam etdirilir: “Onların vəziyyətləri kafidir və yaxın vaxtda evə yazılacaqlar. İnfeksiya baş vermiş ərazidə tibbi-profilaktik tədbirlər və əhali arasında sanitariya-maarifi işləri davam etdirilir".

Rotavirus infeksiyası – qastroenteritin kəskin formalarından biri olub, rotaviruslar tərəfindən törədilir. Daha çox altı ayından iki-üç yaşına qədər körpələrin yoluxduğu bu bağırsaq infeksiyası əhalinin bütün yaş qruplarında xəstəlik törədə bilir. İlk dəfə 1973-cü ildə avstraliyalı mütəxəssislər tərəfindən aşkar olunmasına baxmayaraq, rotavirus infeksiyası müasir dövrdə öz aktuallığını saxlayır. Bəzi statistik məlumatlara görə, 3 yaşına qədər uşaqlarda müşahidə edilən ishalların 95 faizi rotaviruslar vasitəsilə törədilir.

Xəstəliyin inkubasiya dövrü 1 gündən 5 günə qədər davam edir. Qarında kəskin tutmaşəkilli ağrılar, ürəkbulanma, gün ərzində 3-4 dəfə qusma, iştahanın itməsi, sulu ishal, susuzlaşma əlamətləri, qıcolma və huşun itməsi kimi hallarla özünü büruzə verir.

Rotaviruslar əsasən mədə və nazik bağırsaqların selikli qişasını zədələyərək qastroenteritə səbəb olur. Həzm sistemində selikli qişaların zədələnməsi nəticəsində qidaların həzmi pozulur, ishal baş verir.

Xəstəliyin əsas xarakterik əlaməti olan ishal susuzlaşmaya səbəb olduğundan uşaq orqanizmi üçün olduqca təhlükəlidir. Xüsusilə 6 aylığından 2 yaşınadək olan bir sıra uşaqlarda susuzlaşma daha ağır nəticələr verə bilir.

Orqanizmin susuzlaşmasını ağızda quruluq, quru dil, dəri örtüyünün quru, soyuq və solğun olması, göz yaşısız ağlama, 5 saat ərzində sidik ifrazının olmaması, tər ifrazının olmaması, gözlərin çuxura düşməsi, nəbzin sürətlənməsi və halsızlıq əlamətləri ilə müəyyənləşdirmək mümkündür.

Rotaviruslara yoluxmanın qarşısını almaq üçün əllər tez-tez yuyulmalı, uşağa yalnız qaynadılmış su verilməli, meyvə-tərəvəz axar su altında təmiz yuyulmalı, göyərtilər təmiz yuyulduqdan sonra sirkəli suda saxlanmalı, uşaq kollektivlərində daim təmizlik üçün tədbirlər görülməlidir.

 
12.06.2017 13:51:52
Oxuma sayı: 327