Binə, Binəqədi, Sulutəpə, Xırdalan, Masazır və Sarayda yeni məktəblər tikiləcək
Ölçü:

Azərbaycandakı orta məktəblərin təxminən 50 faizində şagirdlərin sayı 200 və aşağıdır.

Koordinat.az
-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkədə əhalinin sayı hər il artır və orta hesabla şagirdlərin sayı da hər il təxminən 50 min nəfər artır: "Təbii ki, əhali artımı müxtəlif ərazilərdə eyni templə baş vermir. Bunun nəticəsidir ki, bir sıra yaşayış məntəqələrində yüksək şagird sıxlığı mövcuddur".

Nazir bildirib ki, Bakının Binə və Binəqədi qəsəbəsində, habelə Sulutəpədə, Xırdalanda, Masazır və Sarayda məktəb inşası üçün əlavə torpaq sahələri ayrılacaq, yaxud orada yerləşən məktəblərdə əlavə korpusların ayrılması nəzərdən keçiriləcək.
 
C.Bayramov qeyd edib ki, bu il də bu istiqamətdə bir sıra layihələr həyata keçiriləcək: "Belə ki, yeni tədris ilində Binə qəsəbəsində 1600 yerlik məktəb binası şagirdlərin ixtiyarına veriləcək. Eləcə də Xırdalanda 3 nömrəli məktəbin 1400 yerlik yeni korpus yeni tədris ilində hazır olacaq. Sumqayıt 1 nömrəli məktəbin yenidən qurulması işi isə bu ilin I rübdə yekunlaşacaq".

Nazir deyib ki, 2019-cu ildə Təhsil Nazirliyinin hədəflərə uyğun olaraq 84 yeni məktəb tikilib və ya əsaslı təmir edilib: "Bu istiqamət Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. 2019-cu ildə onlarla yeni məktəb binası Mehriban Əliyevanın birbaşa qayğısı sayəsində tikilərək istifadəyə verilib və beləliklə 2019-cu ildə 100-dən çox məktəb binası istifadəyə verilib".

27.01.2020 12:19:00
Oxuma sayı: 662