Qüdrət Həsənquliyevdən müharibə çağırışı: "Torpaqlarımızı işğaldan azad etmək istəyiriksə, işğalçını döyüş meydanında  məğlub etməliyik"
Ölçü:

"İndiki halda möcüzə baş verməlidir ki, biz torpaqlarımızı geri qaytara bilək. Möcüzələr isə yalnız nağıllarda baş verir".

Koordinat.az
xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib. O, qeyd edib ki, torpaqlarımızı işğaldan azad etmək istəyiriksə, işğalçı erməni ordusunu döyüş meydanında  məğlub etməliyik. Onun sözlərinə görə, Azərbaycan yalnız bu halda erməniləri ədalətli sülhə məcbur edə bilər: "Bunun üçün təcili peşəkar ordu qurmalıyıq. Danışıqları Ermənistanla yox, onu özünün forpostu elan etmiş Rusiya ilə aparmalıyıq ki, o münaqişənin həllinə imkan versin. Bu halda biz Rusiyanın liderliyi ilə yaradılmış bütün regional birliklərə üzv ola bilərik. Yox, əgər Rusiya indiki vəziyyətin qorunub saxlanması mövqeyində qalarsa, o zaman Azərbaycan qardaş Türkiyənin üzv olduğu NATO-ya qoşulmaq  istiqamətində fəaliyyətə başlamalıdır".

Qüdrət Həsənquliyev Qarabağ probleminin həllinin sürətləndirilməsinin son dərəcə vacib olduğunu önə çəkib: "Zaman keçir, işğal altındakı torpaqlarımızda doğulmuş soydaşlarımız dünyasını dəyişir, qarşılığında isə işğal altındakı torpaqlarımızda qanunsuz məşkunlaşmış ermənilər doğub törəyir, həmin torpaqları öz vətənləri sayırlar. Biz İrəvanı, Zəngəzuru, Göyçəni itirdiyimiz  kimi Qarabağı da itirmək istəmiriksə hərəkətə keçməliyik. Torpaqlarımızı işğaldan azad etmək üçün ciddi qərarların qəbul edilməsi zamanı çatıb. Bu gün Rusiyanın baş nazirinin, xarici işlər nazirinin valideyinlərindən biri ermənidirsə, sabah belə şəxslər müdafiə naziri də, hətta prezident də olub Rusiyanın xarici siyasətini müəyyənləşdirə bilər".

BAXCP sədri ABŞ və Fransadan ədalətli mövqe gözləməyin əbəs olduğunu söyləyib. Onun sözlərinə görə, bu dövlətlərin siyasiləri Azərbaycana görə heç vaxt öz ölkələrindəki güclü erməni diasporası ilə, beynəlxalq hüququ müdafiə etmək naminə, münasibətləri korlamayacaqlar: "Görün işğal dönəmində həmin ölkələrdə nə qədər liderlər, hakim partiyalar dəyişib, amma həmin ölkələrin işğala münasibəti dəyişməyib. Hazırda ABŞ-da ədalət mühakiməsi adına məzhəkə adlandırılan Prezidentə qarşı impiçment prosesi bir daha təsdiq edir ki, bu ölkənin siyasi elitası öz siyasi maraqları naminə heç nədən çəkinmədən, dünyada haqq-ədalət, demokratiya üçün dəstək istəyənlərin ümidlə baxdığı ABŞ-ın nüfuzuna hansı zərbənin vurulduğunu belə veclərinə almadan, qanun və hüquq adına nə varsa hamısını bir kənara tullayıb, ağa qara deyə bilirlər. Kimin (respublikaçıların, yaxud demokratların) haqlı olmasından asılı olmayaraq ən azından Konqresin yarısı belə davranır. Çünki təfəkkür prosesi haqqında olan məntiq elmi deyir ki, bir birinə tam əks olan iki fikirin ikisi də eyni zamanda doğru ola bilməz. Öz ölkəsi üçün belə davrananlar görün bizim üçün beynəlxalq hüquqla necə davranarlar və davranırlar. Xalqımız torpaqlarını azad etmək istəyirsə, bütün bunları nəzərə alıb fədəkarlıq və qəhrəmanlıq nümayiş etdirməlidir. Heç kim bizim əvəzimizə bizim torpaqları bizim üçün azad etməyəcək".
27.01.2020 10:47:00
Oxuma sayı: 59