Politoloq: "Danışıqlarla Qarabağ problemi həll olunmayacaq"
Ölçü:

"Qarabağ probleminin həllində danışıqlar yolu ilə nəyinsə dəyişəcəyini gözləmirəm. Bunu açıq etiraf etmək lazımdır ki, Paşinyan hakimiyyəti indi özünü Robert Koçaryan və Serj Sərkisyandan daha radikal aparır".

Koordinat.az xəbər verir ki, bunu  politoloq Eldar Namazov "Moderator"a müsahibəsində bildirib. O qeyd edib ki, Paşinyan hakimiyyəti zəifdir və onun ölkə daxilində çox böyük problemləri var: "Paşinyanın siyasi opponentləri isə çox güclüdür. Onlar böyük maliyyə resurslarına malikdirlər. Sərkisyan və Koçaryan 20 il Ermənistana rəhbərlik ediblər. Ona görə də bütün dövlət qurumlarında, mühüm müəssisələrdə onların çox güclü dayaqları mövcuddur. Belə bir ağır daxili mübarizəyə cəlb olunan hakimiyyət heç vaxt Qarabağ məsələsində kompromislər yolu ilə hər hansı addım atmaz. Paşinyan hakimiyyəti özünü sığortalamaq üçün daha radikal addımlar nümayiş etdirəcək. Paşinyanın hərəkətlərində biz bunu görürük. Buna görə də həm xarici işlər nazirləri, həm də digər səviyyələrdə aparılan danışıqlarda mən hansısa bir irəliləyiş gözləmirəm".

Eldar Namazov deyib ki, Qarabaş məsələsi ilə bağlı proqnoz vermək çox çətindir. Çünki 10 illər keçsə də, problemin həllində heç nə dəyişmir. Amma aprel döyüşlərindən sonra vəziyyət xeyli dərəcədə dəyişib: "2016-cı ilin aprel döyüşləri göstərdi ki, Azərbaycan status-kvonun bu şəkilkdə qalmasına imkan verməyəcək. Əgər torpaqlarımız diplomatik yolla işğaldan azad olmazsa, Azərbaycan güc tətbiq etməklə bu torpaqları azad etmək əzmini ortaya qoyacaq. Aprel döyüşlərinin əsas mahiyyəti bundan ibarət idi. Azərbaycan ordusu bu döyüşlərlə açıq şəkildə nümayiş etdirdi ki, onlar düşmənin illər uzunu qurduğu müdafiə sistemini cəmi bir neçə saatın içində darmadağın etməyə qadirdir. Bu döyüşlər Azərbaycan ordusunun hərbi-texniki üstünlüyünü də açıq şəkildə ortaya qoydu. Biz bunu bütün dünyaya nümayiş etdirə bildik. Bu da Azərbaycan ordusunun, dövlətimizin böyük uğuru kimi qiymətləndirilməlidir"
25.01.2020 14:57:00
Oxuma sayı: 34