1160 km yolun çəkilişi bu ilin sonuna başa çatdırılacaq
Ölçü:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 2020-ci ilin Dövlət İnvestisiya Proqramında 31 yen layihəsi, 2019-cu ildən 2020-ci ilə keçən 14 keçid layihəsi var. Bu 31 layihə üzrə 980 km kənd və rayonlararası yolların tikintisi nəzərdə tutulub.

Koordinat.az xəbər verir ki, bunu APA-ya müsahibəsindən AAYDA-nın sədri Saleh Məmmədov bildirib. O, qeyd edib ki, keçid layihələrlə birlikdə 1 160 km yolun çəkilişi bu ilin sonuna qədər gözlənilir. Dövlət başçısı tərəfindən həmin yolların çəkilişi üçün İnvestisiya Proqramında nəzərdə tutulan 503 milyon manat vəsait ayrılıb.

"Bakıdan cənub istiqamətində, yəni İran İslam Respublikasının dövlət sərhədinə qədər olan yolun çəkilişi tam bitib və artıq iki ildir istismar olunur. Biz bu yolun çəkilişi zamanı həmin yola paralel olaraq alternativ yolun olmasından istifadə edərək dövlət rəhbərliyinə müraciət etdik ki, dünya dövlətlərində olduğu kimi, Azərbaycanda da ilk dəfə olaraq ödənişli yolların istismarını həyata keçirilməsi üçün bu yoldan ödənişli yol kimi istifadə edək. Bu ilk yol olduğuna görə qanunların hökumət tərəfindən tətbiqini nəzərə alaraq, tezliklə ödənişli yola keçidi tətbiq edəcəyik. Bu da ona görə gecikir ki, yolun 3,2 km hissəsi, hansı ki, İran sərhədinə birləşəcək, Astara şəhərinə daxil olmadan İran sərhədinə gedən avtomobillər üçün yolun inşası nəzərdə tutulub. Ölkə başçısı Astarada olanda Astara şəhərinin sakinlərinin müraciətinə uyğun olaraq göstəriş verdi ki, həm yük, həm də minik avtomobillərinin Astara şəhərinə daxil olmadan 3,2 km yolun yenidən tikilməsi və Astaraçay üzərindən yeni avtomobil körpüsünün tikintisini nəzərə alaraq, ödənişli yola keçidin tətbiqini dayandırmışıq. O yolun, yəqin ki, 2021-ci ilin I rübünədək tikintisi başa çatdırılsa, biz hökumətə həmin yolun təsnifatını, texniki xarakteristikasını təqdim edəcəyik ki, Tarif Şurası artıq ona uyğun olaraq qiymət təyin edəcək" - deyə, Saleh Məmmədov bildirib.

AAYDA sədri qeyd edib ki, Bakıdan şimal istiqamətinə gedən yolun çox hissəsində yolun çəkilişi artıq yerinə yetirilib: "Ölkə başçısı qarşısında söz vermişik ki, 2020-ci ilin may ayının sonuna qədər sözügedən yolun 100 km hissəsində ödənişli yolların tətbiq olunması istiqamətində istismarını təşkil edək. Lakin ümumiyyətlə, yolun çəkilişinin sona çatdırılması 2021-ci ilin birinci yarısında nəzərdə tutulub. Hazırda ən böyük layihələrdən biri Gəncədən Gürcüstan sərhədinə qədər 131 km olan yolun 2 hərəkət zolağından 4 hərəkət zolağına keçirilməsini təmin eləməkdi. Bu yolda da tikinti işləri davam edir, 2021-ci ilin I rübünün sonunadək həmin yolun çəkilişi yekunlaşacaq və istismara veriləcək".
24.01.2020 16:53:00
Oxuma sayı: 25