Rəşad Mahmudov 109 yaşlı seçicisi ilə görüşdü - FOTO
Ölçü:

77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru, deputatlığa namizəd Rəşad Mahmudov rayonun ən yaşlı seçicisi ilə görüşüb. Rəşad Mahmudov 109 yaşlı Mələk Tahirova ilə səmimi söhbət edib, onun istək və arzuları ilə maraqlanıb.

Koordinat.az xəbər verir ki, bu barədə R.Mahmudov sosial şəbəkədəki hesabında aşağıdakıları yazıb: “Rayonumuzun ən yaşlı seçicisi, Siyatük kəndində yaşayan 109 yaşlı Tahirova Mələk Zülfüqar qızı ilə görüşüm. Kəskin zəkası ilə məni heyrətə salan Mələk nənəni hər bir Azərbaycan vətəndaşının tanımasını arzu edirəm”.

Xatırladaq ki, tanınmış kardiocərrah R.Mahmudov Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Mərkəzi Gömrük Hospitalının Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisidir.

Rəşad Mahmudov 1974-cü il yanvarın 18-də də Astarada anadan olub. Səməd Vurğun adına orta məktəbi bitirən R.Mahmudov Türkiyədə “9 Sentyabr” Universitetinin tibb fakültəsində ali təhsil alıb. Daha sonra Türkiyə Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında oxuyub. 2003-cü ildə Ege Universitetində Uzmanlıq Diplomunu,  2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edib.

Bununla da tibb elmləri namizədi alimlik dərəcəsi əldə edib. 2015-cı ildə isə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edən R.Mahmudov Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsi alıb.

R.Mahmudov 1997-2002-ci illərdə Ege Universitetinin ürək-damar cərrahiyəsi Mərkəzində, 2003-2004-cü illərdə Şifa Xəstəxanalar Qrupunda, 2004-2005-ci illərdə İzmir şəhərindəki Kent xəstəxanasında ürək-damar cərrahı kimi fəaliyyət göstərib. 2005-ci ildən 2017-ci ilədək Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı kimi insanlara xidmət edən R.Mahmudov, çoxlu sayda xeyriyyə aksiyalarında iştirak edib, aztəminatlı vətəndaşların pulsuz müalicəsini həyata keçirib.

Ümumilikdə 8 min ürək əməliyyatı həyata keçirən peşəkar cərrah, bir müddət bundan öncə eyni seansda 5 yaşlı uşağın ürəyində baypass əməliyyatını və  canlıdan canlıya qaraciyər transplantasiyasını gerçəkləşdirməklə dünya mediasının gündəminə çevrilmişdir.


23.01.2020 10:29:00
Oxuma sayı: 37