Sahil Babayev saxtakarlığa yol verilmiş 32 iş üzrə materialı prokurorluğa göndərib
Ölçü:


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) saxta əlillik dərəcəsi, pensiya və müavinətlərin təyinatında qanun pozuntusuna yol verənlərin cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Koordinat.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. O qeyd edib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ötən illə bağlı açıqladığı hesabata əsasən, bu quruma 2019-cu ildə ən çox material (il ərzində 32 material) məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxil olub. Onun sözlərinə görə, bu göstərici nazirliyin öz fəaliyyət və əhaliyə xidmət sahələrində korrupsiya elementlərinin aşkar edilərək tam aradan qaldırılmasına, şəffaflığın təminatına doğru çevik və məqsədəuyğun tədbirlərinin, apardığı köklü islahatların bir göstəricisidir.

“Bu kimi tədbirlər qanun pozuntularının aradan qaldırılmasına, qanunazidd əməllərə yol vermiş şəxslərin cinayət və inzibati məsuliyyətə cəlb edilmələri ilə bərabər, gələcəkdə qanun pozuntularına yol verilməsinin qarşısının alınmasında da xüsusi önəm kəsb edir. 2019-cu ildə olduğu kimi, 2020-ci ildə də bu tədbirlər davam etdiriləcək”, - deyə nazirlik rəsmisi bildirib.

 

23.01.2020 10:18:00
Oxuma sayı: 35