Avtobusların kart sisteminə keçidi sürətləndiriləcək
Ölçü:

“Artıq 29 xətt üzrə 598 avtobusda sərnişinlərimiz gediş haqqının BakıKart vasitəsi ilə nağdsız formada ödəyirlər”.

Koordinat.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. O, qeyd edib ki, qarşıdakı günlərdə bu göstəricilər dəyişəcək: “Çünki bildiyiniz kimi xətlərin inteqrasiyası davam etməkdədir. Ayın 24-də 4 nömrəli marşrut xəttinin də inteqrasiyası planlaşdırılır. Həmçinin, fevral ayından xətlərin “BakıKart”a keçidi daha sürətli aparılacaq. “BakıKart”a keçidlə əlaqədar son bir ayda şəhərin müxtəlif ərazilərində 50 yeni dayanacaq yeri müəyyən edilərək müvafiq nişanlar qoyulub. 13 yerdə isə yeni ödəmə məntəqələri təşkil olunub. Bir daha vurğulamaq istərdim ki, nağdsız ödənişə keçid sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması üçün olduqca zəruridir”.

Mais Ağayev bildirib ki, kart sisteminə keçid eyni zamanda, sərnişindaşımada qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından da vacibdir: “Son bir neçə həftədə kart sisteminə inteqrasiya olunan xətlərlə bağlı şikayət xarakterli müraciətlərin əhəmiyyətli dərəcədə azalması bunun bariz nümunəsidir”.
22.01.2020 09:47:00
Oxuma sayı: 43