Milli Oftalmologiya Mərkəzindən xəstənin döyülməsi xəbərinə açıqlama
Ölçü:

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi həkimin pasiyenti döyüb təhqir etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirib.

Koordinat.az-ın məlumatına görə, mərkəzin bununla bağlı yaydığı açıqlamada deyilir ki, həmin xəstə üç ay öncə insult keçirib. Bu səbəbdən narkoz verilməyib və lokal keyitmə ilə əməliyyat həyata keçirilib. Əməliyyat edən həkim Emil Hüseynov deyir ki, əməliyyat zamanı xəstə başını sabit saxlamayıb. O da məcbur olub əməliyyat zamanı xəstənin çənəsindən tutub ki, prosesin gedişatı pozulmasın.

"Linza qoyan zaman xəstə başını tərpədəndə düz yerinə oturmur və bu, fəsadlar yarada bilər. Xəstə əməliyyatdan çıxanda hər kəsdən razılıq edərək gedib. Görünür, sonradan xəstəni kimsə öyrədib. Həkim necə xəstəni vura bilər? Hələ söyüş söymək, ümumiyyətlə, inandırıcı deyil" - deyə, məlumatda bildirilir.

O da qeyd olunur ki, həkim Emil Hüseynov 2005-ci ildən bu günə qədər 3000 pulsuz əməliyyat keçirib: "O, Mərkəzin ən yaxşı həkimlərindən biridir”.

18.01.2020 12:55:00
Oxuma sayı: 30