Əmək müqavilələrinin sayında 153 min artım olub
Ölçü:


2019-cu ildə Azərbaycanda əmək müqavilələrinin sayında 153 min artım olub. Bu artım dinamikasının 2020-ci ildə də davam etməsi əsas hədəflərdəndir.

Koordinat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. O, sosial sahədə geniş miqyas alan elektronlaşdırma proqramı çərçivəsində ötən il 2-si pensiya, 19-u müavinət-təqaüd növü olmaqla 21 sosial təminat növünün e-təyinat sisteminin işə salındığını, bu əsasda cari ildə 200 minədək təyinatın e-qaydada aparılacağını diqqətə çatdırıb. 2019-cu ildə nazirliyin daha 13 e-arayış xidmətinin yaradıldığını və bu xidmətlərinin sayının 15-ə çatdırıldığını, 2020-ci ildə daha 15 e-arayış xidmətinin istifadəyə veriləcəyini diqqətə çatdırıb.

S.Babayev nazirliyin bərpa mərkəzlərində 10 457 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərildiyini, əlilliyi olan şəxslərin 38041 reabilitasiya vasitəsi ilə təmin olunduğunu deyib. O, ötən il Yevlax, Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzlərinin, Mərdəkan Müalicə Pansionatının, Protez-Ortopedik Bərpa Mərkəzinin, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini, Gəncədə Peşə Hazırlığı Mərkəzinin açıldığını, 2020-ci ildə də 10 reabilitasiya və sosial xidmət müəssisəsinin istifadəyə verilməsinin planlaşdırıldığını bildirib.

Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artımından bəhs edən S.Babayev əsassız pensiya və əlillik təyinatlarının ləğvi, habelə geniş elektronlaşma proqramı nəticəsində büdcə vəsaitlərinə qənəat edilməsi, imtiyazlı şəxslərin mənzil və avtomobillə təminatı və digər sahələrdə əldə edilən müsbət nəticələri qeyd edib. Prezident İlham Əliyevin tapşırığına əsasən bu il daha 1500 mənzilin və fərdi evin müharibə əlilləri və şəhid ailələrinə veriləcəyini diqqətə çatdırıb.

Dövlət başçısının 30 dekabr 2019-cu il tarixli Fərmanı ilə nazirliyin tabeliyində publik hüquqi şəxslərin yaradılmasının məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsində müsbət nəticələr verəcəyini bildirib.

Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Fuad Heydərov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Abdul-Qədirov, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov hesabat məruzələri ilə çıxış ediblər.

Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin yekunlarına dair müşavirədə verilən tapşırıqların icrası ilə bağlı qarşıda duran vəzifələr, cari ildə sosial sahədə aparılacaq islahatlar,  habelə dövlət başçısının Fərmanı ilə nazirliyin tabeliyində publik hüquqi şəxslərin yaradılması üçün aparılan işlər müzakirə olunub. Nazir tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib, sosial islahatların bu il də geniş miqyasda davam edəcəyi vurğulanıb.

18.01.2020 10:55:00
Oxuma sayı: 30