Sumqayıt, Abşeron, Şəki, Bərdə, Quba və Sabirabadda DOST mərkəzləri yaradılacaq
Ölçü:

Ötən il Prezident İlham Əliyevin Fərmanı ilə DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və Agentliyin 1 və 2 saylı  Bakı DOST mərkəzlərinin yaradılması sosial sahədə ən uğurlu inovativ yeniliklər olub və ölkəmizdə dövlət sosial xidmətlərinin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsini təmin edib.

Koordinat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb. Onun sözlərinə görə, 1 saylı DOST mərkəzi 65 minədək vətəndaşa xidmət edib, məmnunluq səviyyəsi 95,2 faiz olub. “Könüllü DOST” proqramına 6900 müraciət edilib, 250 könüllü işə cəlb edilib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası Azərbaycanın yeni brendi kimi tanınır. Təsadüfi deyil ki, 2 saylı DOST mərkəzinin açılışı zamanı Prezident İlham Əliyev DOST xidmətinin fəaliyyətinin başqa ölkələrdə maraq doğuracağına və təcrübə mübadiləsi üçün müraciətlər daxil olacağına əminliyini bildirib.

Nazir cari ildə Bakıda daha 2 DOST mərkəzinin, həmçinin Sumqayıt şəhərində, Abşeron, Şəki, Bərdə, Quba, Sabirabad rayonlarında DOST mərkəzlərinin yaradılması üçün işlərin aparıldığını deyib. Bildirib ki, ötən il özünüməşğulluq proqramına cəlb olunanların sayı 10 min 354-ə, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 70 faiz artmaqla 72 minə (296 min ailə üzvü) çatıb. Dövlət başçısının tapşırığına uyğun olaraq bu proqramların 2020-ci idə də genişləndirilməsi təmin olunacaq. Nazirliyin məşğulluq orqanları tərəfindən 103 028 şəxs münasib işlə təmin edilib, 3168 şəxs peşə hazırlığına, 135 minə yaxın vətəndaş  peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib. Ötən il 38 min ödənişli ictimai iş yerinin açılmasına imkan verən “İşsizin DOSTu” proqramı, eləcə də bu proqramın icrası sahəsində şəffaflığın təminatına yönələn işlər bu il də davam edəcək.


18.01.2020 10:43:00
Oxuma sayı: 42