"Rəvan" sağlam həyat tərzi ilə bağlı layihəsini yekunlaşdırdı
Ölçü:


İyunun 3-də  “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Sağlam düşüncə, sağlam həyat tərzi” layihəsinin yekunları ilə bağlı tədbir keçirib.

Koordinat.az xəbər verir ki, Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində keçirilən tədbirdə “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov layihə çərçivəsində görülən işlərdən danışıb. O, bildirib ki, “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycanda ofislərdə, təhsil ocaqlarında, istirahət və əyləncə mərkəzlərində, restoranlarda, parklarda süni qidaların - "fast-food" məhsullarının ticarəti sürətlə artmasını nəzərə alaraq, “Sağlam düşüncə, sağlam həyat tərzi” layihəsinin həyata keçirilməsini zəruri sayıb.

"Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənib. Fast-food sənayesinin hədəfi xüsusilə uşaq və gənclərdir və təəssüf ki, fast-food yeməkləri nəinki böyüklərin, hətta uşaqlarımızın da gündəlik və sevimli yeməklərinə çevrilib.  Fast-food məhsullarındakı yağlar heyvan mənşəlidir, çoxunda doymuş yağ var. Bu da insanda  ürək və bəzi xroniki xəstəliklərə, xərçəngə tutulma riskini artırır. Fast-foodla birlikdə istehlak edilən kolalı, qazlı içkilər insanın kökəlməsinə, həzm sistemində problemlər yaranmasına səbəb olur. Həddindən artıq kofein qəbulu əsəbilik, yuxusuzluq gətirir, qan təzyiqində yüksəlmə riskini artırır. Eyni zamanda kolbasa və sosis məhsullarını insan sağlamlığı üçün xeyirli hesab etmək olmaz. Aparılmış araşdırmalar göstərir ki, hazırda bu məhsulların istehsalı zamanı onlarla müxtəlif kimyəvi maddələr istifadə olunur" - deyə, Ramiz Cürənov bildirib.

Daha sonra şagirdlərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.


05.06.2017 12:15:31
Oxuma sayı: 194