İran Hörmüz boğazını bağlasa... - TƏHLİL
Ölçü:


ABŞ və İran arasındakı münaqişə bir neçə on illiklərdir ki, sürür və indi bu çəkişmə gərgin fazaya daxil olub. Hazırda siyasi analitiklər irəlidə nələrin baş verəcəyi haqqında müxtəlif səpgili fikirlər səsləndirirlər.

Əlbəttə, söz yoxdur ki, hər iki tərəf əllərindəki imkanlardan maksimal şəkildə yararlanmağa çalışır və bu, gələcəkdə də davam edəcək. Demək olar ki, əslində hamını düşündürən bir məsələ var: əgər münaqişə daha da qızışarsa, nələr yaşana bilər? Məsələn, İranın Hörmüz boğazını bağlaması mümkündür və bu ehtimal qətiyyən kənara itələnə bilməz.

Elə məhz bu mövzuda ABŞ-ın “Forbes” jurnalı “İran-Amerika böhranından ən çox udan Rusiyanın neft şirkətləridir” başlıqlı məqalə dərc edib. Məqalədə sözügedən məsələ gerçəkləşəcəyi təqdirdə Rusiyanın necə hərtərəfli mənfəət əldə edə biləcəyinə toxunulur. Məqalədə deyilir: “ABŞ və İran arasındakı münaqişənin gərginləşməsi Tehran tərəfindən neft tankerlərinin Hörmüz boğazından keçişinin bağlanmasına gətirib çıxara bilər. Bu cür tədbirlərin görülməsi fəlakətli nəticələr verər və ona görə də, çətin ki, belə bir şey baş versin. Yox, əgər hər halda bu cür addım atılarsa, onda beynəlxalq neft bazarında böyük çaxnaşma və təlaş yaranar. Çünki dünya neft istehlakının təxminən 21 faizi məhz Hörmüz boğazından keçir. Belə olan halda Rusiya dünya bazarındakı vəziyyəti sabitləşdirəcək gücə çevrilər və onlar buradan maliyyə, strateji və diplomatik xeyir götürərlər.

Hətta Beynəlxalq Enerji Agentliyi öz strateji ehtiyatını dövriyyəyə qoşsa belə, Hörmüz boğazının bağlanması neft qiymətinin yüksəlməsinə yol açacaq. Əgər böhran uzanarsa, onda yüksək neft qiymətləri dünya enerji istehlakına neqativ təsir göstərərək, qlobal iqtisadi geriləməyə səbəb olacaq. Buna baxmayaraq, yaxın perspektiv üçün neft hasil edən ölkələr yüksək neft qiymətlərindən yaxşı gəlir götürəcəklər, xüsusən də Rusiya.

OPEK-in dünya neft bazarına əhəmiyyətli dərəcədə təsir etməsinin başlıca səbəbi onun istənilən an hasilatı artırmaq və ya azaltmaq qabiliyyətində olmasıyla əlaqədardır. Bu məsələdə OPEK əsas etibarıyla özünün nüfuzlu üzvü Səudiyyə Ərəbistanından xeyli asılıdır. Hörmüz boğazının blokadaya alınması təqdirində Səudiyyə Ərəbistanı öz ehtiyyat gücünü işə sala bilməyəcək və ona görə də, bazardakı neft tədarükü ciddi məhdudlaşacaq və ya dayanacaq. Digər yandan isə, Amerikadakı şist neft hasilatçıları ilk başlarda artan neft qiymətlərindən udsalar da, ancaq Səudiyyə Ərəbistanı neftinin yerini doldura bilməyəcəklər. Şist neftinin bazar şərtlərinin dəyişməsinə adi neft hasilatından daha sürətli reaksiya verməsinə baxmayaraq, bu neft, tədarükün dərhal böyüdülməsinə təminat vermək gücündə deyil. Həm də şist neftinin keyfiyyəti istənilən səviyyədə yüksək deyil. Başqa bir neft nəhəngi olan Venesuela sanksiyalar altındadır və o, əvvəlki hasilat gücünü bərpa etmək iqtidarından uzaqdır.

Hazırda dünya neft bazarına əsaslı təsir göstərə biləcək yalnız bir ölkə var. Bu, Rusiyadır. Son illər Rusiyanın dünya neft bazarına təsiri artır. ABŞ şist neft inqilabından sonra bu ölkə həlledici oyunçu olmaq uğrunda mübarizədə OPEK-in mühüm əməkdaşına çevrilib. Rusiya nəinki daha keyfiyyətli neft çıxarır, həm də Rusiya hökumətinin dediyinə görə, ehtiyat üçün indiki hasilatından əlavə bazara gündəlik daha 500 min barel neft çıxarmaq imkanına malikdir. Rusiya OPEK-lə bağlanan müqaviləyə uyğun olaraq, bazarın doyması şəraitində qiymətlərin hədsiz düşməməsi üçün hasilatı azaldıb.

Əgər İran-ABŞ münaqişəsinin gərginləşməsi nəticəsində OPEK ölkələri neft ixracını əhəmiyyətli şəkildə azaldarsa, onda Rusiya bundan həm maliyyə və həm də geosiyasi planda xeyli fayda götürəcək. Qiymətin yüksəlməsi və hasilatın artması nəinki Rusiya şirkətlərinə, eyni zamanda ölkə büdcəsinə mənfəət gətirəcək. Çünki Rusiyada neft hasil edən sektora yüksək vergi tətbiq olunur. Hazırkı aspekt Rusiya üçün cəlbedicidir - Ukrayna məsələsinə görə sanksiyaya məruz qalmlış Rusiyaya dollar lazımdır.

Hörmüz boğazının bağlanması, enerji “aclığı” çəkən Asiya ilə əlaqələrdə Rusiyanın mövqeyini gücləndirə bilər. Bu boğazadan keçən neftin 75 faizə yaxını məhz Asiya ölkələrinə yollanılır. Bununla yanaşı, Rusiyanın Çinə çəkdiyi “Sibirin gücü” qaz boru kəməri də mühüm rol oynayır. Hələlik, Hörmüz boğazını heç kim bağlamır və yəqin ki, yaxın zamanlarda belə bir hadisənin baş verdiyini görməyəcəyik. Lakin bunun baş verməyəcəyini istisna etmək də olmaz. Elə bu səbəbdən də mümkün blokadanın neft bazrına necə təsir göstərəcəyi və həmçinin Rusiya kimi oyunçunun geosiyasi təsir imkanlarının artacağı barəsində düşünmək vacibdir”.

Əslində silahlı qarşıdurma olacağı halda Hörmüz boğazının bağlanması bəlkə də qaçılmaz olacaq. Buna oxşar situasiya 1973-cü ildəki Misir-İsrail müharibəsindən sonra da qeydə alınmışdı. Onda Süveyş kanalı bağlanmış, səudiyyəlilər Avropanın bir çox ölkələrinə neft satmaqdan imtina etmişdi. Nəticədə neftin qiyməti üç dəfə yüksəlmişdi. Həmin dövrdə yaranmış vəziyyətdən ən çox Sovet İttifaqı yararlanmışdı. Moskva hasilatı artırmış və nəticədə külli miqdarda valyuta toplamışdı.

Sözsüz ki, belə bir ekstrimal vəziyyət meydana gələrsə, Rusiya bundan xeyli dərəcədə məmnun olar (Azpolitika.info).
14.01.2020 13:33:00
Oxuma sayı: 7755