Prezidentdən mənzillərin sığortalanmasına dair məmurlara ciddi tapşırıq
Ölçü:

Prezident İlham Əliyev yanvarın 13-də keçirilən müşavirədə mənzillərin sığortalanması məsələsindən də danışıb.

Koordinat.az xəbər verir ki, preziden son vaxtlar sığorta şirkətlərinin apardığı cərimə təbliğatının kökündən yanlış olduğunu məmurların diqqətinə çatdırıb. Dövlət başçısı Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmasına ehtiyac olduğunu bildirib: “Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin. Eyni zamanda, bu, ölkəmizin sığorta sektorunun inkişafına müsbət təsir göstərəcəkdir”.

Məsələ ilə bağlı bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bidirib ki, daşınmaz əmlakın sığortasının icbari qalacağı və ya könüllü olacağı hələlik müzakirə mövzusudur: “Sığorta şirkətləri tərəfindən ilin sonundan aparılan kampaniyaya son qoyuldu. Prezident sığortaçıların oyununu dağıtdı. Əhalini cərimələmək yox, maarifləndirmək lazımdır. Onlar əhalini qorxudurdu ki, evini sığortalamayan cərimələnəcək. Biz isə deyirdik ki, 8 il ərzindən tədbir görməyən dövlət birdən-birə, xəbərdarlıq etmədən, maarifləndirmə aparmadan bunu etməyəcək. Daşınmaz əmlakın sığortasının icbari qalacağı və ya könüllü olacağı hələlik müzakirə mövzusudur. Ən düzgün yol könüllü olması və maarifləndirmə nəticəsində əhalinin bu sığortadan istifadə etməsidir. Amma sığorta icbari qalsa belə, yaxında əhalinin xərclərinin minimallaşdırılması ilə bağlı mühüm təkliflə çıxış edəcəyəm. Hər bir halda sığorta şirkətlərinin acgöz niyyətləri reallaşmayacaq”.

14.01.2020 12:28:00
Oxuma sayı: 17