Prezident: "Qeyri-neft istehsalını artırmasaq..."
Ölçü:


"Bizim qeyri-neft ixracımız 14 faiz artıb. Bu, böyük artımdır. Ancaq qeyri-neft ixracının artımını müəyyən dərəcədə əngəlləyən obyektiv səbəblər var".

Koordinat.az-ın məlumatına görə, bunu yanvarın 13-də Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib. Ölkə başçısı qeyri-neft ixracının artımını əngəlləyən səbəblərdən biri kimi əhalinin artımını qeyd edib: "Yəni, biz daha çox daxildə istehlak edirik. İkinci amil turistlərin sayının artmasıdır. Yəni, əgər 5 il bundan əvvəl 2 milyondan az adam gəlirdisə, indi 3 milyondan çox adam gəlir. Əlbəttə ki, daxili istehlak və daxili tələbat artır. Ona görə qeyri-neft ixracının uzunmüddətli strategiyası işlənməlidir və həm bu strategiya mövcud olan bazarlarla bağlı olmalıdır, perspektiv bazarlara çıxışla bağlı işlər aparılmalıdır".

Prezident vurğulayıb ki, hər il Azərbaycanda əhalinin sayı ən azı 100 min artır: "Bunu biz uzunmüddətli proqnoz kimi götürərək daxili tələbatın həcmini də müəyyən etməliyik. Çünki biz əgər istehsalı, qeyri-neft istehsalını artırmasaq, gələcəkdə bizim qeyri-neft ixracımız daha da aşağı düşəcək, nəinki artacaq. Ona görə də burada emal sənayesinin stimullaşdırılması məsələləri gündəlikdədir. Ona görə İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əlaqədə olmalıdır. Çünki bizim əsas qeyri-neft ixracımız kənd təsərrüfatı mallarıdır. Bu barədə məlumat verin. Dövlət İnvestisiya Proqramı artıq təsdiqləndi və bunun əsas məqsədi iqtisadi artımı təmin etməkdir. Ancaq, eyni zamanda, dövlət hazırda əsas investor kimi fəaliyyət göstərir. Ancaq biz istəyirik ki, qeyri-neft sahəsində əsas investor özəl sektor olsun".
14.01.2020 09:46:00
Oxuma sayı: 73