Dünya Bankı da özünüməşğulluq proqramına dəvət olunub
Ölçü:

"Özünüməşğulluq proqramı ilə bağlı bizim təşəbbüsümüzlə Dünya Bankı da bu proqrama dəvət olundu. Burada əsas məqsəd, təbii ki, Dünya Bankının vəsaitindən istifadə etmək deyil. Halbuki bu da önəmlidir. Əsas məsələ onların təcrübəsindən yararlanmaqdır".

Koordinat.az xəbər verir ki, bunu yanvarın 13-də Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib. Dövlət başçısı deyib ki, Dünya Bankı bir çox ölkələrdə oxşar proqramları icra edib və onların bu sahədə böyük təcrübəsi var: "Ona görə imzalanacaq sazişə də böyük əhəmiyyət veririk. Əminəm ki, saziş imzalanandan sonra Dünya Bankı ilə bu istiqamət üzrə bizim yeni əməkdaşlıq çərçivələrimiz də müəyyən ediləcək. Ünvanlı sosial yardımla bağlı 70 faiz artım çox ciddi artımdır. Hazırda bu proqram 72 min ailəni əhatə edir və burada da əlbəttə ki, əsas məsələ ədalətdir. Məhz o ailələr ki, doğrudan da, ehtiyac içindədir, o ailələr ki, onların maddi vəziyyəti ağırdır, onlar bu yardımdan istifadə etməlidir".

Prezident deyib ki, şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir: "Bu məsələ ilə bağlı mən Sizə göstəriş vermişəm. Əgər keçən il 934 mənzil verilmişdisə, bu il hesab edirəm ki, 1500 mənzil verilməlidir. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı müvafiq göstərişlər versinlər. Beləliklə, əgər biz buna nail olsaq, əminəm ki, buna nail olacağıq, onda növbədə cəmi 2000 ailə qalacaq. Onları da biz yaxın illərdə evlərlə təmin edəcəyik".
14.01.2020 09:39:00
Oxuma sayı: 60