Qulu Məhərrəmli: "Rəsuzladənin şəxsiyyətinə bir az qısqanclıq var" - MÜSAHİBƏ
Ölçü:

2019-cu il dekabrın 17-də “Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi” təşəbbüs qrupu yaradılıb.

Koordinat.az xəbər verir ki, qrupa ictimai xadimlər, elm adamları və Rəsulzadənin nəvəsi daxildir. Təşəbbüs qrupunun üzvü, filologiya elmləri doktoru Qulu Məhərrəmli "Amerikanın səsi"nə müsahibəsində Xalq Cümhuriyyətinin qurucularına dəyər verilməsinin vacibliyini deyib. Həmin müsahibəni oxuculara təqdim edirik:

-Məhəmməd Əmin Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı təşəbbüs qrupu yaradıbsınız. Təşəbbüs qrupu hansı işləri görüb?
- Rəsulzadənin özünün vaxtı ilə parlamentə gedib-gəldiyi,“Azərbaycan” qəzetində işlədiyi vaxtlarda gedib-gəldiyi Bakının mərkəzində, Nizami küçəsi 65-də yaşadığı mənzilin ev muzeyinə çevirilməsi istiqamətində addımlar atılıb.
- Təşəbbüs qrupu dekabrın sonlarında yaradılıb. Biz Üzeyir Hacıbəyovun ev muzeyində geniş ictimai qrup təsis etmişik. Qrupa Azərbaycanın tanınmış elm, mədəniyyət, mətbuat xadimləri, incəsənət adamları daxildir. Təşəbbüs qrupunun əsas məqsədi Azərbaycan Cümhuriyyətinin banisi, onun qurucusu, Azərbaycanın ilk dövlət başçısı Məhəmməd Əmin Rəsulzadənin ev muzeyinin yaradılmasına nail olmaqdır. Biz burada heç bir siyasi çalar, heç bir siyasi nüans görmürük və ictimaiyyət üzvlərinə də xatırlatmışıq ki, heç kəs bundan siyasi məqsəd üçün və yaxud başqa məqsəd üçün istifadə edə bilməz. Bu ictimai qrupun əsas məqsədi Rəsulzadənin ev muzeyinin yaradılmasımna nail olmaqdır. İndyədək, əlbəttə, bəzi işlər göürülüb. Muzey üçün müəyyən yerlər müəyyənləşdirilib. Birinci növbədə Rəsulzadənin özünün vaxtı ilə parlamentə gedib-gəldiyi,“Azərbaycan” qəzetində işlədiyi vaxtlarda gedib-gəldiyi Bakının mərkəzində, Nizami küçəsi 65-də yaşadığı mənzilin ev muzeyinə çevirilməsi istiqamətində addımlar atılıb. Bunun üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Hələlik bir cavab yoxdur. Bunun hüquqi tərəfləri ilə bağlı hüquqşünas qrupu çalışır. Yaxınlarda Rəsulzadənin anadan olmasının 136-cı ildönümü gəlir. Onunla bağlı biz beynəlxalq konfrans təşkil edirik. Müxtəlif ölkələrdən, Avropadan, Rusiyadan, İrandan, Türkiyədən mütəxəssislər dəvət etmişik. Rəsulzadə konfrnasını keçirmək niyyətindəyik. Təəssüf ki, Rəsuzladənin şəxsiyyətinə bir az qısqanclıq var. Bu uzun illər mövcud olub. Amma, 2018-ci ildə ölkə prezidentinin Azərbaycan Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bağlı verdiyi sərəncam, hecab edirəm ki, bu sahədə bir çox maneələri aradan qaldırıb. Yəni, insanlar artıq cümhuriyyətdən danışmağa çəkinmirlər, qorxmurlar. Rəsulzadənin adını ürəklə çəkirlər. O sərəncam bizim təşəbbüsümüz üçün də müəyyən mənada hüquqi baza yaradır.

-Paytaxt Bakının mərkəzində Sergey Puşkinin, Nikola Teslanın belə heykəlləri ucaldılıb. Amma, cümhuriyyət qurucularının heykəlləri, abidələri hələ də yoxdur. Buna səbəb nədir?
-
Bilirsiniz, səbəb çoxdur. Burada o qədər tarixi ədalətsizlik var... Biz Bakıda Puşkinin də, Şevçenkonun da, Teslanın da heykəli olmasına çox normal baxırıq. Azərbaycan dünya ilə qaynayıb-qarışan bir ölkədir. Azərbaycan multukultural dəyərlərə önəm verən bir ölkədir. O mənada dünyaya bu cür geniş baxış təbiidir. Amma, əvvəl evin içi, sonra çölü. Yəni, biz indi yaşadığımız cümhuriyyəti yaradan, bu ölkənin təməlini qoyan bizim qurucu babalarımıza sayğısızılığın da şahidiyik. Birinci növbədə Məhəmməd Əmin Rəsulzadəyə. Vaxtı ilə söhbətlər gedirdi ki, pantion yaradılsın, ümumi heykəllər yaradısın... Bu millətin ictimai düşüncəsində rolu olan, onun bədii zövqününü inkişaf etməsinə kömək edən bizim çox görkəmli sənət, ədəbiyyat adamları, qələm sahiblərinin Bakıda muzeyi var? Olsun. Amma, nəyə görə bir dövlətin ilk başçısı, onu yaradan, onun ideoloqu olan, bu cümhuriyyəti yaradıb, onu 23 ay yaşadan və cümhuriyyətin süqutundan sonra da bütün ömrünü, həyatını, ailəsini, sağlamlığını cümhuriyyətin təbliğinə həsr edən, bu arzunu, istiqlal məfkurəsini özündə yaşadan bir adamın Azərbaycanın paytaxtında heç olmasa ev muzeyi olmasın. Universitetdən Rəsulzadənin adını götürüblər, bir çox müəssisələrdən adını geri alıblar. Hesab edirəm ki, bu çox böyük ədalətsizlikdir. Tarixi ədalətsizlikdir. Biz düşünməliyik ki, əgər Rəsulzadənin və onun məsləkdaşlarının qurduğu Azərbaycan Cümhuriyyəti olmasa idi, bu günki Azərbaycan, müstəqil Azərbaycan Respublikası olmayacaqdı. Yəni, bunu anlamaq, başa düşmək və mənəvi borcu qaytarmaq lazımdır.

-Son hadisələr fonunda, general Qasim Süleymaninin öldürülməsindən sonra Azərbaycanda panislamizmi ideologiyası ilə bağlı, xüsusilə sosial şəbəkələrdə fikirlər qabarmağa başlayıb. Bir çox elm adamları belə hesab edir ki, ölkədə Rəsulzadə ideologiyasının sıradan çıxarılması panislamizmi ideologiyasının ortaya çıxmasına səbəb olub. Siz necə hesab edirsiniz?
-Mənə elə gəlir ki, Süleymani məsələsində panislamizmin, paniranizmin bir qədər qabardılması tendensiyası var. Düzdür, bizdə bir ideoloji vakuum var. Nəyə görə var? İnsanlar bir şeyə inanmalıdır. Bir ideologiya olmalıdır. Cəmiyyət nəyin üzərində dayanır? Bax, bu ideologiyanı da Məhəmməd Əmin Rəsulzadə hazırlayıb. Bu azərbaycançılıq, vətənçilik ideologiyasıdır. Baxın, onun əsərlərində bu gün bizi narahat edən istənilən böyük və kiçik məsələlərin, sualların hamısnın cavabı var. O cümlədən, panislanizmi, İran təsiri, İran türkləri ilə bağlı, azərbaycançılıqla bağlı suallara cavablar var. Ona görə də biz Məhəmməd Əmin Rəsulzadənin irsini öyrənməliyik. Onun yaratdığı mənəvi sərvətləri öyrənməliyik. Onun bizə miras qoyub getdiyi sağlam ideologiyanı öyrənməliyik. Təəssüf ki, bu yoxdur. Cümhuriyyət haqqında Azərbaycan tarixi dərsliklərində ötəri yazılıb. Nə yaxşı ki, 2018-ci ildə cümhuriyyətin 100 illiyi qeyd edildi. Baxın, 2020-ci ildir. Yəni bu il Azərbaycanın həyatında üç mühüm hadisə var. Birincisi, Azərbaycanın 100 il əvvəl Paris Sülh Konfransı tərəfindən tanınması, yəni dünyanın siyasi xəritəsinə Azərbaycan Cümhuriyyəti adlı bir dövlətin yazılmasıdır. İkincisi, bolşevik Rusiyasının Azərbaycanı istila etməsidir. Burada qanlı repressiyaları törətməsidir. Bu işğal nəticəsində təkcə iki ildə, 1920-ci ilin aprelindən 1922-ci ilin iyununadək 45 min insan qətlə yetirilib. Bunların əksəriyyəti ziyalılar, siyasi xadimlər, mədəniyyət adamları, millətin düşünən beynləridir. Təbii ki, hərbiçilər də bu sıradadır. Üçüncü, ciddi hadisə, bolşevik zülmünə qarşı Gəncə üsyanının 100 illiyidir. Bunların qeyd olunması, hər halda, bizim dönüb keçmişə baxmağımızdır. Cümhuriyyət, onu yaradan kişilər, qurucu babalar, o cümlədən də Məhəmməd Əmin Rəsulzadə bizim qürur mənbəyimizdir. Biz ona borcumuzu qaytarmalıyıq, onun ev muzeyini yaratmalıyıq. Gələcəkdə də onun və onun məsləkdaşlarının xatirələrləinin əbədiləşdirilməsi istiqamətində addımlar atmalıyıq. Mən hesab edirəm ki, bu məsələdə ikinci söhbət yoxdur. Bütün cəmiyyət, cəmiyyəti idarə edənlər bu məslədə yekdil fikirdədirlər.
11.01.2020 18:33:00
Oxuma sayı: 39