NATO baş katibi Trampın çağırışına müsbət cavab verib
Ölçü:

ABŞ Prezidenti Donald Tramp və NATO baş Katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Koordinat.az
xəbər verir ki, tərəflər Yaxın Şərqdəki vəziyyəti və NATO-nun rolunu müzakirə ediblər. ABŞ Prezidenti baş katibdən NATO-nun Yaxın Şərq prosesində daha yaxından iştirak etməsini istəyib. Rəsmilər NATO-nun regional sabitliyə və beynəlxalq terrorizmlə mübarizəyə daha çox töhfə verəcəyinə dair razılığa gəliblər.

NATO baş katibi Trampın Yaxın Şərqlə bağlı etdiyi çağırışa müsbət cavab verib. “Twitter”də Tramp və Stoltenberqin telefon danışığını təsdiqləyən Ağ Evin mətbuat katibinin müavini Cudd Deere söhbət zamanı Yaxın Şərqdə münaqişənin qarşısının alınmasında və sülhün qorunmasında NATO-nun rolunun artırılmasının vacibliyinin vurğulandığını qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın İraqdakı ABŞ hərbi bazalarına raket zərbələri endirməsindən sonra xalqa müraciətində NATO-nu Yaxın Şərq prosesində daha yaxından iştirak etməyə çağırıb.

Xatırladaq ki, NATO İŞİD-lə mübarizədə Qlobal Koalisiyanın üzvü kimi bölgədə rol oynayır və digər terrorçu qruplaşmalara qarşı mübarizə üçün İraq və Əfqanıstanda təlim missiyalarında iştirak edir. Hazırda Əfqanıstanda 8000 NATO əsgəri var. Bununla belə, D. Tramp NATO-ya üzv ölkələrin ABŞ-ın müdafiə dollarlarına çox güvəndiyini iddia edərək, bu ölkələrin ittifaqın müdafiə xərclərinə az vəsait ayırması ilə bağlı tez-tez şikayətlənir.

 

09.01.2020 11:57:00
Oxuma sayı: 161