Həbsdəki baş redaktor zərərçəkmişlərə dəymiş ziyanı ödəyib
Ölçü:


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Koordinat.az
xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Rasim Bağırov ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib. O bildirib ki, H.Vəliyev ondan videogörüntülərlə bağlı pul istəyib. O, həmin görüntülərlə bağlı H.Vəliyevə 7 min 300 manat verdiyini bildirib. Amma zərərçəkmiş H.Vəliyevdən şikayətçi olmadığını deyib.

Prosesdə ifadə verən digər zərərçəkmiş Fuad Məmmədov isə qeyd edib ki, H.Vəliyevə 2000 min manat pul verib: "Qəzetində adımdan əxlaqsızlıq yuvası ilə bağlı yazı getmişdi. Pulu Surxay Əliyevə verdim. O bildirdi ki, pul Habil Vəliyevə çatacaq. Hazırda şikayətim və tələbim yoxdur".

Zərərçəkmiş Xəyyam Həsənov isə ifadəsində deyib ki, Bakıdakı obyekti ilə bağlı H.Vəliyevin "Gündəlik Bakı" qəzetində yazı çap olunub: "Buna görə də 2000 min manat pul verdim. Düzdür, pulu şəxsən ona təqdim etməmişəm".

Zərərçəkmişlərdən Qabil Hüseynov H.Vəliyevə 43 min 300 manat, Nofəl Musayev isə 3000 manat verdiyini bildiriblər.
18.01.2018 12:05:11
Oxuma sayı: 784