Müşavirin oğurlanmış milyonu
Ölçü:


Xalid KAZIMLI 

Hər gün haqq-ədalətdən, qanunçuluqdan, qanunun aliliyindən-filandan yazırıq, danışırıq, amma gözümüzün önündə elə ciddi hadisələr olur ki, bu barədə yalnız qısa, quru xəbərləri oxuyub keçirik, məsələnin mahiyyətinə varmır, dərininə getmir, ondan çıxan nəticələri incələmirik.

Dünən agentliklərin və saytların xəbər bülletenlərində gedən bir kriminal informasiya bu silsilədən idi.

Xəbərin başlığı çox yerdə beləydi: “Ziya Məmmədovun müşavirinin qızıllarını oğurlamaqda suçlanan şəxs yenə həbs edildi”.

Söz yox, burada sabiq nəqliyyat naziri Ziya Məmmədovun adının çəkilməsi xəbərə daha çox oxucu cəlb etmək üçündür, amma heç də təsadüfi deyil. Çünki iki il əvvəl təxminən 1 milyon dollarlıq qızıllarını oğurlatdıran şəxs məhz Ziya Məmmədovun müşaviri, daha dəqiqi, müşavirlərindən biri olub (müşavir və 1 milyon - uzun şərhə ehtiyac varmı?)

Adamın ad-soyadı Çingiz Baxşıyevdir. O, bir qohumuna güvənib, etibar edib, necə deyərlər, simsar deyib bağrına basıb, amma həmin şəxs onun etibarından sui-istifadə edib, özünün və övladlarının “qara gün” ehtiyatını mənimsəyib.

Bu şəxsin də ad-soyadı Rövşən Əhmədovdur. Belə anlaşılır ki, Əhmədov Baxşıyevin etibarından ona görə sui-istifadə edib ki, onun bu qədər var-dövləti halal yolla qazanmadığını bilib və düşünüb ki, o, qohumuna 1 milyonluq fırıldaq gəlsə, o, bunu açıb-ağartmayacaq.

Keçmiş dönəmlərdə beləydi. Bir vəzifəli və varlı adamın evindən külli miqdarda pul-para, qızıl-zinət əşyaları oğurlananda adam qorxusundan hüquq-mühafizə orqanlarına şikayət etmirdi, düşünürdü ki, oğrunu buraxıb onun özünü dolaşdıracaqlar, “bu pullar səndə hardandır” deyə soruşacaqlar.

Ancaq görünür, dövran dəyişib. İndi oğurluqla, korrupsiya və rüşvətxorluqla zəngin olan adamlar sərvətlərini nümayiş etdirməkdən qorxmurlar və təbii ki, onlar qarətə, soyğuna, dələduzluğa məruz qaldıqları vaxt hüquq-mühafizə orqanlarına şikayət etməkdən çəkinmirlər. Çünki artıq onlara “bu pullar hardandır” sualı verən yoxdur.

Avtonəqliyyat xidmətinin keçmiş rəisi, sabiq nazirin sabiq müşaviri Çingiz Baxşıyev də elə edib. Nəticədə R.Əhmədov həbs edilib.

Ancaq adam necə düzüb-qoşubsa, kimin köməyindən necə və nəyin müqabilində yararlanıbsa, qısa müddətdən sonra azadlığa çıxıb.

Əlbəttə, bu yerdə hamının ağlına yalnız bir fikir gələcək ki, R.Əhmədov taladığı 1 milyonun, son məzənnə ilə və dəqiq şəkildə yazası olsaq, 800 min manatın bir hissəsini, bəlkə də yarısını canını həbsdən qurtarmaq üçün sərf edib.

Başqa nə cür ola bilər ki? Ötən yay 40-50 manat borca görə Batumiyə istirahətə getdiyi yerdə avtobusdan düşürülüb, Gürcüstana buraxılmayan N qədər insan olub. Qonşusunun 3 manatlıq toyuğunu oğurlamaq üstündə türmələrdə yatan yüzlərlə adam var. Amma Əhmədov 800 minin arxasına keçir və az qala şifahi töhmət alır.

Ona görə də Baxşıyev hökmdən apelyasiya şikayəti verib və Əhmədov nə qədər çabalasa da (intihara cəhd, psixiatriya dispanserinə yerləşdirilmək, məhkəmələrə gəlməmək və s.) onu yenidən həbs ediblər və yenidən mühakimə edəcəklər.

Bəlkə də o, yenə qurtulacaq, bəlkə də bu dəfə 6-7 il həbs cəzası alacaq. Burası o qədər də önəmli deyil.

Əsas məsələ odur ki, ölkənin Femidası bu gündədir. Demək, əlində pulu olan adamlar cinayət məsuliyyətində sıyrıla, qısa müddətdən sonra yenidən azad cəmiyyətə qovuşa bilirlər.

Bir də anlaşılır ki, arxalı, pullu adamlar ortaya yenidən iradə və vəsait qoyandan sonra azadlığını satın almış adamı yenidən həbs etdirməyi bacarırlar.

Məsələ budur. Son vaxtlar azadlıqda olan, sərbəst şəkildə, yüngül cinayət əməlinə görə mühakimə olunan müttəhimlərin məhkəmə zalında həbs edildiyinin şahidi oluruq. Hamı onlara şərti iş kəsiləcəyini gözlədiyi yerdə adamı şakk deyə qandallayırlar.

Bir də bunun əksi var: həbs altında saxlanılan və məhkəməsinə dustaq maşınında aparılıb-gətirilən şübhəli şəxslər məhkəmə zalındaca azad olunur, sərbəst buraxılır.

Bütün bunlar bu sistemdəki neqativ hallardan xəbər verir. Xalq bu neqativ halları daha lakonik qiymətləndirir: “Pulunu alıb buraxdılar”; “Pulunu düzəldib vermədi, basdılar, getdi”.

Ədalətli mühakiməsi, obyektiv və dürüst məhkəməsi olmayan ölkədə heç nə olmaz - bu, belə bilinsin.
18.01.2018 10:57:00
Oxuma sayı: 804