Söyün Sadıqov ÜAK-ın ləğvindən danışdı: “Rusiya istəyir ki...”
Ölçü:


Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinin arxasında siyasi məqsədlər dayanır”.

Koordinat.az xəbər verir ki, bunu  Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) sabiq prezidenti, Rusiya Federasiyası Prezidentinin Səlahiyyətli Nümayəndəsi, Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin rəhbəri Söyün Sadıqov bildirib. O, təşkilatın ləğv edilməsində ÜAK-ın rəhbərliyinin məsuliyyətsizliyi və səhlənkarlığının da olduğunu diqqətə çatdırıb: “Ancaq bəzi siyasi məqsədlər də var. Hesab etmirəm ki, Rusiya rəhbərliyi bununla Azərbaycan hakimiyyətinə təzyiq göstərmək istəyir. Əsas məqsəd “AzerRos”-un fəaliyyətini gücləndirməkdir. Rusiya istəyir ki, ölkədə yalnız bir təşkilat – “AzerRos” qalsın. Bu qərarın arxasında əsasən Rusiyanın Federal Agentliyi dayanır. Ola bilər ki, onları bəzi azərbaycanlılar da dəstəkləyir”.

ÜAK-nin ləğvi ilə bağlı qərarın arxasında keçmiş Baş nazirin müavini Abbas Abbasovun dayanması ilə bağlı yayılan bəzi xəbərlərə də toxunan S.Sadıqov bu iddiaların doğru olmadığını söyləyib: “ÜAK-nin ləğv olunmasına Abbas Abbasovun gücü çatmaz, bu məsələ onluq deyil. Ümumiyyətlə, hazırda Rusiyada Abbas Abbasovun elə nüfuzu da qalmayıb. Əgər onun Rusiya rəhbərliyi yanında elə hörməti və nüfuzu olsaydı, Abbas Abbasov dostu Telman İsmayılova kömək edərdi. Hesab edirəm ki, bu qərarın arxasında Rusiyanın Federal Agentliyi dayanır. Ancaq bu qərara hüquqi baxımdan elə də əhəmiyyət vermək lazım deyil. Çünki Rusiya qanunlarına görə Ümumrusiya Azərbaycan Konqresinin işləməyə hələ də ixtiyarı var. Yalnız maliyyə fəaliyyəti ilə məşğul ola bilməz”.

S.Sadıqov ÜAK-nin bağlanılması barədə məhkəmə qərarının ləğv olunacağına ümid etdiyini söyləyib: “Məhkəmənin bu qərarı ləğv oluna bilər. Bunun üçün növbəti məhkəmə instansiyalarına müraciət etmək lazımdır. Hələ ki, birinci məhkəmə olub və ÜAK uduzub. Növbəti məhkəmələrdə udub, qərarı ləğv etdirmək mümkündür. Əgər ÜAK tələb olunan sənədləri qaydasına salıb, məhkəmədə bunu sübut edərsə, təbii ki, həmin qərar da qüvvədən düşəcək və Konqres fəaliyyətini davam etdirəcək”.

S.Sadıqov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin ÜAK-nin bağlanılması ilə bağlı qərara müdaxilə etməz: “Putin bu cür kiçik məsələlərə qarışmır. Adətən bu cür məsələlər Rusiya məhkəmələri tərəfindən nəzərdən keçirilir. Sadəcə olaraq, ÜAK-nin rəhbərliyi tələb olunan sənədlərin hazırlanması işində səhlənkarlıq edib. Bir neçə dəfə xəbərdarlıq bildirişi göndərilsə də, buna məhəl qoymayıblar. Yəqin ki, bunlar hər zaman olduğu kimi, bu dəfə də Bakıya arxayın olublar. Çünki ÜAK nə isə olan kimi dərhal Bakıya zəng edir, oradan danışıqlar aparılır və məsələ həll olunurdu. Görünür, bu dəfə elə düşünüblər”.

S.Sadıqov ÜAK-nin bağlanılması qərarının ləğv edilməsi ilə bağlı hüququ yardım təklifi də edib: “Əgər Azərbaycan tərəfindən mənə müraciət olunarsa, Ümumrusiya Azərbaycan Konqresinin bağlanılması qərarının ləğv edilməsi ilə bağlı hüquqi müstəvidə əlimdən gələn köməyi etməyə hazıram. Hətta, lazımı qurumlarla iş aparıb, ÜAK-nin bağlanılması qərarını ləğv etdirə də bilərəm”(“Ölkə.az)

19.05.2017 22:56:00
Oxuma sayı: 485