Deputat: “ÜAK-ın ləğvi Rusiyada sabitliyin pozulmasına yönəlib”
Ölçü:


Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi barədə verdiyi qərar siyasi məqsəd güdür.

Koordinat.az xəbər verir ki, bunu "Trend"ə Milli Məclisin deputatı Fəzail İbrahimli deyib. Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycana qarşı təzyiq vasitələrindən biridir. Deputat hesab edir ki, ÜAK-ın qeydiyyatının ləğvi həm də Rusiya vətəndaşlarına edilən laqeyd münasibətdir: “Bu, həm də dövlətlərarası münasibətlərə xələl gətirən məsələdir. ÜAK-ın ləğvi nəticəsində Rusiya ilə Azəbaycan arasındakı münasibətlərin tamamilə başa çatması nəticəsinə gəlmək düzgün deyil. ÜAK yaranana qədər də Azərbaycan-Rusiya münasibətləri olub, bundan sonra da olacaq. Bu, siyasi müstəvidə atılmış addımdır. Azərbaycana qarşı təzyiq yoludur”.

F.İbrahimli hesab edir ki, ÜAK-ın ləğvi həm də Rusiyanın daxilində sabitliyin pozulmasına doğru yönələn bir addımdır. Deputatın fikrincə, əslində, Rusiya tərəfi bu məsələ haqqında daha çox düşünməldir: “Rusiyadakı 2 milyona yaxın azərbaycanlıların marağına zidd olaraq atılan addımlar bu vətəndaşları bu dövlətdən narazı salır. Dövlətin öz vətəndaşlarına belə münasibət göstərməsi təbii ki, ziyanlı addımdır”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.
19.05.2017 18:06:02
Oxuma sayı: 124