Kəlbəcərli girovun qardaşı: "Şahbazın ailəsi necə dolansın?"
Ölçü:


"Yeni bir xəbər, məlumat yoxdur. Köhnə hamam, köhnə tas”.

Koordinat.az xəbər verir ki, bunu "Şərq"ə açıqlamasında Ermənistan tərəfindən girov saxlanılan həmyerlilərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti haqqında danışarkən Şahbaz Quliyevin qardaşı İlham Quliyev deyib. O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən heç bir yeni məlumat verilməyib: "Hər kəsin bildiyi xəbərlərdir. Girovlarımız ordadır, səhhətləri yaxşı deyil. Bildiklərim budur. Qızıl Xaç Komitəsi isə bizə deyir ki, səlahiyyətimiz yoxdur, bizim işimiz girovlarla ailələri arasında əlaqə saxlamaq, məktub aparmaq, məktub gətirməkdir, başqa əlimizdən heç nə gəlmir. Nümayəndələr deyir, nə iş görsə, dövlət görəcək. Ümidlə gözləyirik ki, bizə nə vaxtsa xoş xəbər veriləcək”.

Şahbazın ailəsinin sosial durumundan danışan İlham Quliyev söyləyib ki, yaxınları qardaşının ailəsi üçün əllərindən gələn köməkliyi edirlər: "Amma özünüz düşünün, ailənin başçısı yoxdur. Heç ailə başçısı olanlar dolana bilmir, Şahbazın ailəsi necə dolansın? Özünüz düşünün dolanmaq olar?"

İlham Quliyev onu da əlavə edib ki, anaları hələ də Şahbaz Quliyevin girovluqda olduğunu öyrənməyib: "Deyə bilmirik. Yolunu gözləyirik. Ümidimizi allaha tutmuşuk görək nə zaman girovluqdan azad olunur”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Həsən Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
19.05.2017 13:27:00
Oxuma sayı: 184