"Qaçqınkom"un "Azəristiliqtəchizat"a külli miqdarda borcu var - sabah Baş nazirin yanında toplantı olacaq
Ölçü:


Məcburi köçkünlərin yaşadığı binalara istiliyin verilməməsinin səbəbi açıqlanıb.

"Azəristiliktəchizat" ASC-dən Koordinat.az-a verilən məlumata görə, yanvarın 16-dan respublika üzrə məcburi köçkünlərin məskunlaşdıqları binalarda istiliyin verilməsi dayandırılıb. Buna səbəb Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin "Azəristiliktəchizat" ASC-yə olan böyük məbləğli borcunu ödəyə bilməməsidir. Dövlət Komitəsi "Azəristiliktəchizat"a olan borclarını ödəmədiyindən bu qurumun da "Azəriqaz"a olan borcları artıb. Bu səbəbdən "Azəriqaz" İB  məcburi köçkünlərin yaşadığı binaları istiliklə təmin edən qazanxanalara təbii qaz verilişini dayandırıb. Hazırda Müşfiqabad, Mehdiabad və Masazır məcburi köçkün şəhərciklərində, habelə regionlarda salınmış qəsəbələrdə istilik təchizatı bütünlüklə dayandırılıb.

"Azəristiliktəchizat” ASC-də bəyan edirlər ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi borcları ödəməyincə məcbur köçkünlərin yaşadığı binalara istilik verilməsi mümkün olmayacaq. Səhmdar Cəmiyyətə onu da bildiriblər ki, yaranmış problem barədə Nazirlər Kabinetinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məlumat verilib. Problemlə bağlı sabah Baş nazir Artur Rasizadənin rəhbərliyi altında aidiyyəti qurumların rəhbər işçilərinin iştirakı ilə iclas keçiriləcəyi gözlənilir. İclasda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da iştirak edəcək. Müzakirələrin sonunda isə "Qaçqınkom"un "Azəristiliktəchizat" ASC-yə olan külli miqdarda borcunun ödənməsi barədə qərar qəbul ediləcəyi gözlənilir. Məcburi köçkünlərin məskunlaşdıqları binalara istiliyin verilməsinin nə vaxt bərpa ediləcəyi Baş nazir səviyyəsində qəbul ediləcək qərardan asılı olacaq.
17.01.2018 16:36:09
Oxuma sayı: 1085