BDU-nun dekan müavini tələbəni məhkəməyə verdi - Azərbaycanda nadir hadisə
Ölçü:


Bakı Dövlət Universiteti (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib.

Koordinat.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov nildirib. O qeyd edib ki, iş xüsusi ittiham qaydasında bu gün Yasamal rayon Məhkəməsinin hakimi Azər Tağıyev tərəfindən icraata qəbul edilib: “Hazırda tələbə Cinayət Məcəlləsinin 147.2-ci  (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə təqsirləndirilir. Tələbəni 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir”.

Qeyd edək ki, Yasamal Rayon Məhkəməsinə müraciət edən dekan müavini müraciətində göstərib ki, Z.Mirağayev ona böhtan atıb, ağır cinayət törətməkdə ittiham edərək təhqir edib. Onun iddia ərizəsinə əsasən, bir müddət öncə KİV-də müvəkkili haqqında bir neçə məqalə dərc olunub. Həmin məqalələrdə dekan müavininin ünvanına təhqiredici ifadələr və böhtan xarakterli məlumatlar əks etdirilib. Belə ki, 14 fevral 2017-ci ildə mətbuatda N.İsmayılzadə haqqında “BDU-nun İlahiyyat Fakültəsində nələr baş verir - Şikayət var” başlıqlı yazı dərc olunub. Yazıda göstərilib ki, "24 illik tarixi ərzində heç vaxt rüşvət hadisələri ilə gündəmə gəlməmiş İlahiyyat fakültəsi dekan müavini, dosent Nigar İsmayılzadənin “fəaliyyəti” sayəsində gündəmə gəlib”.
18.05.2017 13:53:27
Oxuma sayı: 172