31 rayonda 3013 baramaçıya ipəkqurdu paylanıb
Ölçü:


Bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” şirkətindən 6000 qutu yüksək keyfiyyətli barama toxumu tədarük edilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumatda belə deyilir. Bildirilir ki, Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub, barama toxumlarından 99-100 faiz səviyyəsində çıxış alınaraq, yüksək keyfiyyətli barama qurdları əldə edilib. Bölgü əsasında 01-03 may 2017-ci il tarixlərində Ağcabədi, Ağdam, Bərdə, Yevlax, Zərdab, Ağdaş, Göyçay, Ağsu, Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Kürdəmir, Ucar, Goranboy, Füzuli, Tərtər rayonlarının, 05-07 may 2017-ci il tarixlərində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şəmkir, Ağstafa, Tovuz, Qazax, Cəlilabad və Masallı rayonlarının kümçülərinə əvəzi ödənilmədən paylanılıb.

2017-ci il üçün nəzərdə tutulmuş həcmdə barama istehsalını təmin etmək üçün ümumilikdə respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsi tələb olunan miqdarda keyfiyyətli barama qurdları ilə təmin edilib, “Şəki İpək” ASC ilə kümçülər arasında yaş barama məhsulunun tədarükü barədə müvafiq müqavilələr bağlanılıb, barama qurdlarının paylanılması zamanı baramaçılara ipəkqurdunun bəslənməsinə dair tövsiyə xarakterli bukletlər, metodiki vəsaitlər, yaddaş vərəqələri  və digər maarifləndirici materiallar paylanılıb. Artıq bölgələrdə tut ipəkqurdlarının bəslənilməsi prosesinə başlanılıb.

Nazirlikdən bildirlib ki, müqavilənin şərtlərinə uyğun olaraq Çin Xalq Respubli- kasının “Shandong Guangtong Silkworm Eggs Co” şirkətinin əməkdaşı ölkəmizə dəvət olunub. Onlar yerli mütəxəssislərlə birlikdə bölgələrdə ipəkqurdlarının bəslənilməsi prosesinin gedişi ilə tanış olmaq, barama qurdlarının becərilməsində qarşıya çıxan çətinliklərin həll edilməsində kümçülərə metodiki və əməli köməklik göstərilməsini təmin etmək məqsədi ilə Ağcabədi, Ağdam, Füzuli, Tərtər, Bərdə, Yevlax, Goranboy, Zərdab, Ucar, Ağdaş, Göyçay, Ağsu, Kürdəmir, Hacıqabul,  Sabirabad, Saatlı, İmişli, Cəlilabad, Masallı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şəmkir, Ağstafa, Tovuz və Qazax rayonlarına səfər ediblər.

Qeyd edilən rayonlarda yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə tut ipəkqurdu paylanılmış kümçülərlə görüşlər keçirilib, ipəkqurdunun saxlanılma və yemlənmə şəraiti ilə tanış olunub. Həmçinin kümçülərə ipəkqurdunun bəslənilməsi, zərərverici və xəstəliklərə qarşı qarşı mübarizə tədbirləri, yemləmə qaydaları, saxlanma şəraiti və s. ilə bağlı məsləhət və tövsiyələr verilib.

 
18.05.2017 12:46:00
Oxuma sayı: 194