Abituriyentlər imtahanlardan niyə narazı qalır - SORĞU
Ölçü:


Respondentlərin əksəriyyəti yeni modeli tam mənimsəyə bilmək üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanlarının bir neçə dəfə keçirilməsinin zəruriliyini vurğulayıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin "Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" mövzusunda hesabat tədbirində məlumat verilib. Bildirilib ki, rəyi soruşulan abituriyentlərin 60%-dən çoxu üçün qəbul, 30%-ə yaxını üçün isə buraxılış imtahanları çətin olub. Ümumiyyətlə, 2019-cu ildə keçirilən qəbul və buraxılış imtahanları əvvəlki illərlə müqayisədə aşağı nəticələrin olması ilə seçilir. Buna əsas səbəb imtahan iştirakçılarının bu il tətbiq olunan yenilikləri tam mənimsəməmələridir. Məlumata əsasən, abituriyentlərin 80%-dən çoxunu həm buraxılış, həm də qəbul imtahanlarında tətbiq edilən fənlərin bölgüsü qane edir.

Eyni fənnin (məsələn, riyaziyyat) həm buraxılış, həm də qəbul imtahanlarına salınmasına abituriyentlərin 56%-i (224 nəfər) müsbət cavab verib. Respondentlərin 38,5%-i (154 nəfər) bir mərhələdə saxlanılmasının, 5,5 %-i (22 nəfər ) isə yeni fənlərin əlavə edilməsinin tərəfdarı kimi çıxış ediblər.

Qeyd edək ki, bəzi ekspertlər imtahanlara Azərbaycan tarixi fənninin daxil edilməsini, bəziləri isə ingilis dilinin imtahanın tərkib hissəsi kimi deyil, ayrıca bir imtahan kimi keçirilməsini təklif ediblər.

18.12.2019 13:06:00
Oxuma sayı: 274