Kənd təsərrüfatı məhsullarının istehsalı 7 faiz artıb
Ölçü:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 362,4 mln. manat təşkil edib ki, onun da 3 631,3 mln. manatı heyvandarlıq, 3 731,1 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Koordinat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 7,1%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2%, bitkiçilik məhsulları üzrə isə 11,3% artıb.

Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı başa çatmaq üzrədir və dekabr ayının 1-nə kimi dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1 039,5 min hektar əkin sahəsindən 3 253,0 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3% çox məhsul götürülüb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında diri çəkidə ət istehsalı 2,8% artaraq 476,6 min ton, süd istehsalı 2,1% artaraq 1 938,7 min ton, yumurta istehsalı 8,8% artaraq 1 669,9 milyon ədəd və yun istehsalı 1,5% artaraq 15,9 min ton çatıb. Bundan başqa, ölkədə 643,7 ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,3% çox barama istehsal olunub.

18.12.2019 10:09:00
Oxuma sayı: 2422