Prezident pullu yollara keçidə göstəriş verib - Tarif Şurası təsdiqləyəcək
Ölçü:


“Dövlət başçısının tıxacların aradan qaldırılması ilə bağlı xüsusi göstərişləri var. Planda Babək prospektinin genişləndirilməsi də nəzərdə tutulub”.

Koordinat.az xəbər verir ki, bunu “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov “ASAN Radio”nun “QəbuldASAN” verilişində deyib. Onun sözlərinə görə, yolun genişləndirilməsi “Ramstore” qovşağından Yeni Günəşli qəsəbəsinə qədər olan hissə üçün planlaşdırılır: “Eyni zamanda Heydər Əliyev prospektindən, yəni “İnter” stadionunun yanından Babək prospektinə 4 hərəkət zolaqlı yol olan çıxış verməliyik. Bütün bu işlər 2018-ci ilin Bakı şəhər planında yer alıb. Bundan başqa, Nobel prospektini də yenidən təmir etmək niyyətindəyik”.

Saleh Məmmədov vurğulayıb ki, prezident İlham Əliyev Azərbaycanda ödənişli yollardan istifadəyə keçmək  barədə göstəriş verib: "Bu, prezidentin birbaşa göstərişidir. Tövsiyəyə uyğun olaraq ilkin mərhələdə iki magistral yolun ödənişli olması təklifini vermişik. Qiymətlərlə bağlı Nazirlər Kabinetinə təkliflər verilib və Tarif Şurasının onu təsdiq etməsi gözlənilir. Beynəlxalq yolların təcrübəsindəki tariflər nəzərə alınıb”.  
10.11.2017 21:32:00
Oxuma sayı: 1099