Seçki komissiyasının sədri Aprel qazisi olan polkovnik həbs etdirib - DİN açıqlama yaydı
Ölçü:

Daxili İşlər Nazirliyi (DİN) polkovnik Qadir Vəlişovun həbsi ilə bağlı məlumat yayıb.

Koordinat.az
xəbər verir ki, məlumatda noyabrın 26-da Beyləqan rayonunun Kəbirli kənd sakini İrfanə Eminova və əri İbrahim Alıyev Beyləqan RPŞ-yə müraciət edərək Qadir Vəlişovun onların yaşadıqları evə gələrək heç bir ciddi əsas olmadan onları ölümlə hədələməsindən, evdən çıxmalarını tələb etməsindən bəhs olunur. Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Qadir Vəlişov həqiqətən də onların evinə gələrək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri edərək evin pəncərə şüşələrini, məişət əşyalarını sındırmış, İ.Alıyevi və İ. Eminovanı əlindəki çomaqla vuraraq onlara ağır dərəcəli bədən xəsarəti yetirib.

Faktla əlaqədar Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda ) maddəsi ilə cinayət işi başlanılıb. Rayon məhkəməsinin qərarı ilə Q.Vəlişov barəsində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Yaxınları isə bu həbsin sifarişli olduğunu deyərək, ölkənin hüquq-mühafizə orqanlarından ədalət tələb edib. Onlar bildiriblər ki, Qadir Vəlişov onunla konfilikt yaşayan yerli dairə seçki komissiyasının sədrinin istəyi ilə qurama ittihamla tutulub.

Xatırladaq ki, 1986-cı ildə hərbi məktəbi bitirən Vəlişov Əfqanıstan müharibəsində döyüş yolu keçib. Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçib, 1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb, 1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb.  15 ilə yaxın hərbi hissə komandiri işləyən polkovnik 2016-cı il aprel döyüşlərində ağır yaralanıb. O, Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçilərdən biri kimi tanınıb.

Bu əməliyyat zamanı yaralandıqdan 8 aydan sonra yenidən xidmətə qayıdaraq, N saylı korpusda Döyüş hazırlığı şöbəsinin rəisi olub.

Daha sonra Naxcıvanski adına Hərbi litseyə rəis müavini təyin edilib,bir müddət rəis vəzifəsin icra edib 6 ay öncə Silahlı qüvvələrdən təxris olub.

15.12.2019 16:09:00
Oxuma sayı: 37