Gəncədə Peşə Tədrisi Mərkəzi açıldı
Ölçü:


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində Peşə Tədrisi Mərkəzi istifadəyə verilib və bir qrup şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim edilib.

Koordinat.az
xəbər verir ki, hər iki tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin, ictimai birliklərin nümayəndələri iştirak ediblər. Peşə Tədrisi Mərkəzinin açılışında nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev əhalinin səmərəli məşğulluğunun təminatının Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O, ötən dövrdə ölkədə məşğulluq imkanlarının artırılması sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb.

F.Musayev Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin ildən-ilə gücləndirildiyini, bu ilin 11 ayında Xidmətin 81 439 nəfəri münasib işlə təmin etdiyini və 10 mindən çox işsiz və işaxtaran şəxsin  özünüməşğulluq proqramına cəlb olunduğunu deyib. Bildirib ki, işsiz və işaxtaranlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarının təşkili aktiv məşğulluq tədbirlərindən biridir. 2019-cu ilin 11 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən 2734 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Xidmətin Bakı və Göyçay şəhərlərindəki Regional Peşə Təhsili Mərkəzləri mühüm maddi-texniki potensiala malik olmaqla peşə hazırlığı işinin təşkilində əhəmiyyətli rol oynayır. 2019-cu ilin 11 ayında peşə hazırlığı kurslarına cəlb edilənlərin 72,5 faizi həmin mərkəzlərin payına düşür.

Xidmət rəisi bildirib ki, ölkədə Regional Peşə Tədrisi Mərkəzləri şəbəkəsinin respublikanın bölgələri üzrə genişləndirilməsi işləri çərçivəsində bu gün Gəncə şəhərində də Peşə Tədrisi Mərkəzi istifadəyə verilir. Mərkəzdə Gəncə şəhəri və ətraf rayonlardan olan işsiz və işaxtaran şəxslərin müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığının təşkili həyata keçiriləcək.

F.Musayev müəssisədə ilkin mərhələdə ənənəvi və modul təlim üsulları ilə 55-60 peşə üzrə tədris prosesinin aparılacağını qeyd edib. O diqqətə çatdırıb ki, il ərzində 850-900 nəfər Mərkəzdə peşə hazırlığı kursu keçəcək. Burada əlilliyi olan şəxslərin də peşə hazırlığının təşkili, habelə onların maneəsiz hərəkət imkanlarına malik olmaları üçün lazımi şərait yaradılıb. Peşə Tədrisi Mərkəzində sinif otaqları və emalatxanalar, yataqxana, kitabxana, akt zalı, bufet və s. fəaliyyət göstərir.

Tədbirdə digər çıxış edənlər Gəncədə Peşə Tədrisi Mərkəzinin açılmasının bölgədə  işsiz və işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələrə və nəticədə səmərəli məşğulluq imkanlarına yiyələnməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə ediblər.
14.12.2019 16:42:00
Oxuma sayı: 78