ABŞ-ın hərbi xərcləri Rusiyanın dövlət büdcəsindən 3 dəfə böyük imiş...
Ölçü:


Gələn il ABŞ-ın hərbi büdcəsinin 738 milyard dollar olacağı nəzərdə tutulub. Nümayəndələr Palatası layihəni bəyənib, bundan sonra layihəni Senatın və Prezidentin təsdiq edəcəyi gözlənilir.

Koordinat.az xəbər verir ki, bu barədə  iqtisadçı ekspert Samir Əliyev özünün "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, layihə təsdiqlənəcəyi təqdirdə yeni xərclər yola saldığımız illə müqayisədə 3,1% çox olacaq: “Bu vəsaitin 635 milyard dolları Pentaqonun ehtiyaclarına ayrılacaq. Əfqanıstan, Suriya, Yəmən və digər ölkələrdə aparılan hərbi əməliyyatlara 71,5 milyard dollar yönəldiləcək. Bütün qalmaqallara rəğmən Ukrayna üçün 300 milyon dollar nəzərdə tutulub”.

Ekspert vurğulayıb ki, ABŞ-ın hərbi xərcləri dünya ölkələri arasında ən yüksəkdir: “Hərbi xərclərin TOP 10-na düşən ölkələrin 9-nun xərclərini toplasaq, ABŞ-ın xərclərinə güclə çatar. Xərclər, həcminə görə 2-ci yerdə duran Çindən 3, 3-cü yerdə duran Səudiyyə Ərəbistanından 10 dəfəyədək çoxdur. ABŞ-ın hərbi xərcləri Kanada və Braziliyanın dövlət büdcəsindən çoxdur. Rusiyanın dövlət büdcəsi xərclərindən isə 3 dəfəyədək böyükdür”.

12.12.2019 09:55:00
Oxuma sayı: 82