FHN-nin Akademiyasında Heydər Əliyevin xatirəsi yad edilib
Ölçü:



Dekabrın 11-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Heydər Əliyev məktəbinin lektoriyası”nın ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məşğələsi keçirilib. Lektoriyanın qonağı siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı Elman Nəsirov olub.

FHN-dən Koordinat.az-a verilən məlumata görə, əvvəlcə, tədbir iştirakçıları Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə tər gül dəstələri qoyaraq Dahi Rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Akademiyanın akt zalında keçirilən tədbirdə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəisinin birinci müavini polkovnik Qəzənfər Bağırov Ulu Öndərin zəngin həyat yolu və ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirib ki, ümummilli lider Heydər Əliyev zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayıb. Azərbaycan xalqı Ulu Öndərin adını hər zaman əziz tutur, müstəqil dövlətimizin xilaskarı, qurucusu və memarı kimi tanıyır. Heydər Əliyev öz xidmətləri və yorulmaz fəaliyyəti ilə hələ sağlığında ikən əbədiləşmiş böyük şəxsiyyətdir.

Q.Bağırov qeyd edib ki, ölkəmizdə bütün sahələrdə Ulu öndər tərəfindən əsası qoyulmuş möhtəşəm quruculuq işləri dahi şəxsiyyətin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və ictimai-siyasi fəaliyyətindən, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətçiliyin bərpasında, qorunub saxlanmasında göstərdiyi misilsiz xidmətlərindən, xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan bəhs edib. O, qeyd edib ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, dosent Afət Qurbanov bildirib ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini unutmur və heç vaxt unutmayacaqdır. Milli dövlətçiliyimizin inkişafı, milli-mənəvi dəyərlərimizin və adət-ənənələmizin qorunub saxlanılması, ölkəmizin beynəlxalq nüfuzunun artması, mövqeyinin güclənməsi, dünya azərbaycanlılarının vəhdətinin yaradılması məhz müdrik şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindəndir.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

11.12.2019 19:40:00
Oxuma sayı: 68