Ağstafada 7 nəfəri güllələyən şəxsin məhkəməsi başlayır
Ölçü:



Ağstafada qisas məqsədilə 4 nəfəri öldürməkdə təqsirli bilinən Elnur Süleymanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Koordinat.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki, bu il iyunun 17-də Ağstafa rayonunun Böyük Kəsik kəndi ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı bazarında satıcı işləyən Sadıxlı kənd sakinləri Şərqiyyə Musayeva, oğlanları Novruz və Şəmiddin, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilova odlu silahla qətlə yetirilib, daha 3 nəfər xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə törədilməsi, bu zaman onun “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.

Ağır cinayəti törətməkdə şübhəli bilinən Elnur Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
11.12.2019 18:40:00
Oxuma sayı: 71