Keçmiş siyasi məhbus müxalifət liderlərinə çağırış etdi - 40 gündür komada olan Oqtay Gülalıyevlə bağlı
Ölçü:

Keçmiş siyasi məhbus Rüfət Səfərov bir aydan çoxdur ki, koma vəziyyətində olan və hazırda Türkiyədə müalicəsini davam etdirən hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı müxalifət liderlərinə çağırış edib.

Koordinat.az xəbər verir ki, Rüfət Səfərov "Facebook" vasitəsilə yaydığı müraciətində Oqtay Gülalıyevin müalicəsinə maliyyə dəstəyi göstərilməsi üçün xüsusi kampaniyaya - dəstək marafonu təşkil rtməyə çaırıb. Həmin müraciət-çağırışda deyilir:

"Buradan Milli Şuranın sədri hörmətli Cəmil Həsənliyə, AXCP sədri hörmətli Əli Kərimliyə, Müsavat başqanı hörmətli Arif Hacılıya, REAL sədri hörmətli İlqar Məmmədova, Haqq və Ədalət partiyasının sədri hörmətli Əli İnsanova, ADR Hərəkatının lideri hörmətli Qubad İbadoğluna, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri hörmətli İsa Qəmbərə, VİP sədri hörmətli Əli Əliyevə, ADP sədri hörmətli Sərdar Cəlaloğluna müraciət edirəm:

Azərbaycan xalqının vətənpərvər oğlu, fədakar hüquq müdafiəçisi, rejimin ardıcıl və dönməz tənqidçisi, təpədən- dırnağadək demokrat olan Oktay Gülalıyev ölüm ayağındadır! Çox təəssüf ki, dövlət, xeyriyyəçılər, imkanlı adamlar Oktay bəyə sahib durmurlar: lal nəzərlərlə bitməsini gözləyirlər! Əgər bizlər də silahdaşımızın barəsində əməli deyil, quru-quru sözlərlə kifayətlənəcəyiksə, mümkün faciənin dolayı baiskarlarından sayılacağıq.

Hörmətli liderlər, bank hesabı açılsa da qənaətbəxş vəsaitin toplanmayacağı yəqindir. Odur ki, təxirə salınmadan Azərbaycanın məsuliyyətini daşıyan Sizlər bir araya gəlməli, Müsavat qərargahında açıq dəstək marafonuna start verməlisiniz. İnanın ki, saysız-hesabsız insanlar da bu nümunəyə baxıb, ciddi dəstək verəcəklər: Oktay Gülalıyev ölməyəcək, yaşayacaq!

Əminəm ki, bir neçə saatlıq da olsa, siyasəti bir kənara qoyacağıq, rəhbərliyiniz altında minumum imkanlarımızı birləşdirərək möhtəşəm dəstək marafonu təşkil edəcəyik, Oktay Gülalıyevi sıralarımıza qaytarıb rəsmiləri və xeyriyyəçiləri utandıra biləcəyik".


Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-da burada əməliyyat olunub.

Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Daha sonra isə xəstə Heydər Əliyev Fondunun yardımı ilə Türkiyəya aparılıb. Beyni əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev 40 gündür koma vəziyyətindədir.
09.12.2019 18:07:00
Oxuma sayı: 42