Azərbaycana qurulmuş tələ: atəşkəs razılaşması necə əldə olundu? - MÜSAHİBƏ
Ölçü:


Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasının bu gün 23 ili tamam olur. 1994-cü il mayın 12-də Bişkekdə imzalanmış atəşkəsin ildönüm təqvimi dəyişdikcə Azərbaycan ictimaiyyəti daha çox kədərlənir. Çünki 23 il əvvəlki atəşkəs razılaşması Azərbaycana heç nə qazandırmayıb. Ərazilərimizin 20 faizi hələ də erməni işğalı altındadır. Kədərli atəşkəs yubileyləri bir-birini əvəz etdikdə 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün öz torpaqlarına qayıdacağına ümid bir az da azalır. İşğalçı Ermənistan isə 23 illik atəşkəs razılaşmasından istifadə edərək Azərbaycan torpaqlarında möhkəmlənir, erməniləri Kəlbəcərdə, Laçında, Şuşada məskunlaşdırmaqla öz "qalibiyyətini" gözə soxur.

23 il əvvəl əldə edilən atəşkəs razılaşmasında Rusiyanın əsas marağının öz silahlı qüvvələrini sülhməramlılar qismində Qarabağda yerləşdirməkdən ibarət olduğu məlumdur. Məhz bu gerçəklik Azərbaycan üçün daha kədərlidir. Biz həm də ona görə kədərliyik ki, Azərbaycanı atəşkəs protokolunu imzalamağa vadar etmiş Rusiya ötən 23 ildə Ermənistanın arxasından bir addım da olsun, geri çəkilməyib. Əksinə, rəsmi Moskava indi Dilqəm Əsgərovun və Şahbaz Quliyevin erməni girovluğunda saxlanılmasına haqq qazandıra biləcək qədər Ermənistana açıq dəstəyini nümayiş etdirir.

Bəs, 1994-cü il mayın 12-də Bişkekdə atəşkəs haqqında protokolun imzalanmasına necə nail olunmuşdu?

Koordinat.az həmin vaxt Rusiyanın adından Ermənistanla Azərbaycan arasında atəşkəs əldə olunması üçün vasitəçilik edən keçmiş rusiyalı həmsədr Vladimir Kazimirov 3 il əvvəlki müsahibəsini oxuculara təqdim edir. Çünki Kazmirov Ermənistanın “Mediamaks” agentliyinə verdiyi müsahibədə atəşkəs razılaşmasının necə əldə olunduğuna və ondan sonrakı günlərdə baş verənləri detallarına qədər danışıb:

-Tomas de Vall “Qara bağ” kitabında yazır ki, 1992-ci ildə Rusiya XİN-in keçmiş SSRİ respublikaları ilə iş təcrübəsi yox idi. Nəticədə Qafqazda minlərlə əməkdaşı olan Müdafiə Nazirliyi təşəbbüsü ələ almışdı. Bu, nə dərəcədə düzgündür və o vaxt Pavel Qraçovun başçılıq etdiyi Müdafiə Nazirliyi ilə Rusiya XİN arasında münaqişəyə dair yanaşmalar nə dərəcədə eyni idi?
-Rusiya XİN və Müdafiə Nazirliyi arasında münasibət doğrudan da sadə deyildi. Müdafiə naziri Pavel Qraçovun sülhməramlı ambisiyaları barədə çox şey məlumdur. Bu ambisiyaların başlanğıc impulsu sağlam və düzgün idi, lakin praktiki baxımdan uğursuzluğa düçar oldu. Çünki nazirliklər arasında razılaşdırılmış ortaq fəaliyyət yox idi. Qraçov özündənrazı adam idi, sülhməramlı rolunu ona yalandan vermişdilər. Onun özfəaliyyətinin nəticələrindən biri 1992-ci il sentyabrın 19-da Ermənistan və Azərbaycan müdafiə nazirləri arasında əldə edilmiş razılaşma oldu. Bu razılaşma iki ay müddətində bütün hərbi əməliyyatlara moratorium qoyulmasını nəzərdə tuturdu. Bu anlaşma Rusiyanın 1992-ci ilin avqustundan başlayaraq Minsk Qrupunda irəli sürdüyü təklifə qismən uyğun gəlirdi. Lakin Qraçov bu razılaşmanın layihəsini Rusiya XİN-lə razılaşdırmadı, nəticədə cəfəng situasiya ortaya çıxdı. Ukrayna, Belarus, Qazaxıstan və Gürcüstan bu razılaşmanı dəstəkləmədi və razılaşma pozuldu. Həmin ərəfədə mən Rusiya prezidentinin mesajını Bakıda Elçibəyə çatdırmışdım, ancaq Qraçovun Soçidə müdafiə nazirlərinin görüşünü hazırladığı barədə heç kim məni məlumatlandırmadı. Sonradan mən iki nazirlik arasında ziddiyyətin aradan qaldırılması üçün 1994-cü ilin mayında imzalanan atəşkəs razılaşmasında müdafiə nazirinin ünvanını birinci qoydum.

-Bu gün çoxları atəşkəsin əldə olunmasını 5 may Bişkek protokolu ilə bağlayır və MDB dövlət başçılarının 14 aprel, 1994-cü il sammitinin bəyanatını yaddan çıxarır. Həmin bəyanatda döyüş əməliyyatlarının dayandırılmasına dair qəti tələb yer alırdı. Tərəflər bu razılaşmaya necə gəlib çıxdılar?
-1994-cü il mayın 12-də atəşin dayandırılması BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və tərəflərin yerinə yetirmədiyi qətnamələr əsasında baş vermədi. Dəqiq təlimatlardan ibarət yeni sənəd lazım idi. Aprelin 15-də MDB dövlət başçıları Şurası Rusiyanın təşəbbüsü ilə Moskvada mühüm bəyanat qəbul edərək Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılmasına çağırdı. Həmin vaxt Qarabağa dair bu cür yüksək səviyyədə qəbul olunmuş başqa sənəd, xüsusən də Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa iştirakı ilə qəbul olunan və bu cür çoxtərəfli sənəd mövcud deyildi. MDB ölkələrinin başçıları tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa çağırır və beynəlxalq ictimaiyyətə müraciət edərək münaqişənin həllinə kömək etməyi xahiş edirdi. Təəssüf ki, bir çox jurnalistlər və politoloqlar bu sənədin mahiyyətini bilmirlər. Atəşkəs  razılaşmasının özü isə əvvəlkilərdən fərlənirdi, çünki orada hansısa vaxt qoyulmurdu. Yəni söhbət müddətsiz atəşkəsdən gedirdi. Bundan əlavə Moskvanın konsepsiyasına uyğun olaraq bu sənədi əvvəllər olduğu kimi iki tərəf yox, həm də Dağlıq Qarabağ imzalamışdı.

-Çıxışlarınızda qeyd etmisiniz ki, Bişkek təkcə köməkçi bənd idi. Bişkekin əhəmiyyəti nə idi və onun əsas nəticələri nədən ibarət olmuşdu?
-Münaqişə tərəflərinin parlament rəhbərlərinin Bişkekdəki görüşü dövlət başçılarının Moskva bəyanatını dəstəkləmək məqsədi daşıyırdı. Həmin vaxt ictimai rəyi barışığa, atəşin dayandırılmasına hazırlamaq mühüm idi. Bu layihənin ətrafında möhkəm diskussiyalar və kəskin debatlar başladı, xüsusən də mayın 4-ü və 5-də azərbaycanlılar və Qarabağ erməniləri arasında. Öz-özlüyündə MDB dövlət başçılarının bəyanatının dəstəklənməsi təklifi diskussiya yaratmadı. Bundan əlavə, yeni sənədin mahiyyəti ondan ibarət idi ki, parlament rəhbərləri bütün münaqişə tərəflərini 9 may Qələbə günündən etibarən atəşi dayandırmağa çağırırdılar. Biz bu tarixdən istifadə etmək istəyirdik. Lakin başqa məsələlər üzündən tərəflər arasında ziddiyyətləri dəf etmək mümkün olmadı.
Ermənistanı təmsil edən Babken Ararktsyan və xüsusən də Dağlıq Qarabağın təmsilçisi Karen Baburyan təbii ki, Dağlıq Qarabağın münaqişə tərəfi və Bişkek görüşünün iştirakçısı statusunda tanınmasında israr edirdilər. Azərbaycan parlamenti spikerinin müavini Afiyəddin Cəlilov atəşin tezliklə dayandırılmasına ermənilərdən çox can atırdı, ancaq bunu erməni qoşunlarının Azərbaycanın işğal altındakı ərazilərindən dərhal çıxarılması və qaçqınların ora geri qayıtması şərtinə bağlayırdı. Ancaq nəzərdən qaçmırdı ki, Cəlilov hərbi əməliyyatların yenidən başlamamasına necə nail olmaq məsələsindən yayınır. O, münaqişə bölgəsində neytral sülhməramlı qüvvələrin yerləşdirilməsinə açıq-aşkar qarşı çıxırdı və ancaq beynəlxalq müşahidəçilərə razılıq verməyə hazır idi.
Mayın 5-də, günün sonunda güclü mübahisələrdən sonra Bişkek protokolunu hər iki erməni nümayəndə heyətinin rəhbərləri və bütün vasitəçilər imzaladılar. İmza atmaqdan imtina edən yeganə iştirakçı Afiyəddin Cəlilov idi, o, israrla bildirirdi ki, sənəd Azərbaycanın maraqlarına cavab vermir. Sonra məlum oldu ki, bu ancaq bəhanədir. Əsl səbəb həmin günlər Heydər Əliyevin Brüsseldə NATO Şurasının iclasında iştirakı və “Sülh naminə tərəfdaşlıq” proqramına dair çərçivə sazişini imzalaması idi. Onun NATO-nun mənzil-qərargahına səfəri, hansı ki, münaqişə kontekstində bu səfəri nə Rusiya, nə MDB bir dəfə də yada salmayıb, artıq Azərbaycan liderinin Qərb nəhənglərinin vədləri ilə qoşulduğu geosiyasi “ziqzaq”ın bir hissəsi idi. Həmin il mayın 21-də Əliyev açıq şəkildə bildirdi ki, Bişkek protokolunun imzalanmasını vaxtında əngəlləyib və Cəlilova belə səlahiyyət verməyib. Təbii ki, biz Bişkekdə Əliyevin göstərişləri haqda bilmirdik və ona görə də mayın 7-də mən Azərbaycanın Bişkek protokoluna dair yekun mövqeyini dəqiqləşdirmək üçün Bakıya getdim.

-Bakıda danışıqlar necə keçdi?
-Mayın 8-də Heydər Əliyevin kabinetində Azərbaycanın yüksək rəhbərliyinin müşavirəsi oldu və həmin müşavirədə mən də iştirak edirdim. Azərbaycanlıların Bişkek protokoluna dair ilkin şübhələrinə baxmayaraq tezliklə kompromisə meyl başladı. Sənədi düzəlişlə imzalamaq ideyası səsləndi. Kimsə dedi ki, “müşahidəçilər” sözündən əvvəl “beynəlxalq” sözü yazmaq lazımdır, yaxud “zəbt olunmuş ərazilər” əvəzinə “işğal olunmuş ərazilər” ifadəsinin işlədilməli olduğu deyildi. Öz tərəfimdən mən bacardığım kimi izah etməyə çalışdım ki, sənədə hansısa düzəlişin edilməsinin artıq mənası yoxdur, çünki Bişkek görüşündə sənəd necə vardısa elə imzalanıb və ona yenidən baxılması mümkün deyil. Ancaq yenidən israr etməyə başladılar ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri kimi Nizami Bəhmənovun da bu sənədi imzalaması lazımdır. Mən onlara sübut etdim ki, Bəhmənov təmsilçilik hüququ olan strukturların rəhbərləri ilə eyni statusda ola bilməz. Ancaq bu müşavirənin azərbaycanlı iştirakçılarının marağı istənilən məntiqi arqumentdən yüksək idi.
Sonda azərbaycanlılar sənədi yuxarıda göstərilən qeydlər və Bəhmənovun imzası əlavə olunmaqla imzalamağa razılaşdılar. Parlamentin sədri Rəsul Quliyev imzaladı, səhifənin aşağısında isə dağınıq xətlə rus dilində iki qeyd yazıldı. Digər mühüm məqamlara, o cümlədən müdafiə nazirlərinin 18 fevral protokolu, MDB-nin rolu, sülhməramlı qüvvələrin yerləşdirilməsi kimi delikat məqamlara isə toxunulmadı.
Əvəzində Bəhmənovun imzası ilə bağlı konfuz baş verdi. Azərbaycanlılar onun familiyasını sənədə əllə yazdılar, ancaq Bəhmənovu Bakıda vaxtında axtarıb tapa  bilmədilər. Mən Rəsul Quliyevin Bişkek protokolunu imzaladığı barədə Moskvanı məlumatlandırandan sonra ertəsi gün iki qeyd, habelə Bəhmənovun familiyası olan, imzası isə olmayan sənədi götürüb apardım.

-Siz nə vaxtsa demisiniz ki, atəşkəs razılaşmasının imzalanması möcüzə sayəsində baş verdi və dünya praktikasında belə şey olmamışdı. Nəyi nəzərdə tutursunuz? Bu razılaşma hansı şərtlərdə imzalanmışdı?
-1994-cü il mayın əvvəlində Azərbaycan rəhbərliyi atəşin dayandırılmasında maraqlı idi. Əvvəllər onlar bu addıma getmək istəmirdilər, yaxud yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürürdülər, gah da razılaşmanı pozurdular. Ancaq bu dəfə bu istək qəti idi, özü də ən yüksək səviyyədə. Xarakterikdir ki, bu dəfə Bakı atəşin dayandırılması üçün heç bir ilkin şərt irəli sürmədi.
Atəşin dayandırılması razılaşmasının mənim tərəfimdən hazırlanan birinci variantı əvvəlki kimi Bakı və Stepanakert arasında razılaşma formasında hazırlanmışdı. Ancaq o vaxta qədər İrəvanın hər hansı iştirakı olmadan hərbi əməliyyatların məhdudlaşdırılmasına dair Dağlıq Qarabağla azı 10 dəfə razılaşma əldə edən azərbaycanlılar bu dəfə Dağlıq Qarabağ ermənilərinin imzası olmadan ancaq Ermənistanla razılaşma imzalayacaqlarını bildirdilər.
İrəvan isə Dağlıq Qarabağ ermənilərinin iştirakı olmadan heç nə imzalamaq istəmirdi, azərbaycanlılar isə qarabağlılarla eyni sənədə imza atmaq fikrində deyildi, xüsusən də onların iştirakı ilə. Sənədin ayrı-ayrılıqda, yəni tərəflərin əyani görüşü olmadan imzalanması “texnologiyası” məlum idi, ancaq Bakı bunu da istəmədi.
Absurd vəziyyət yaranmışdı: bütün münaqişə tərəfləri atəşkəsə razıdır, ancaq razılaşma sənədin altında kimin imzasının yer alacağı məsələsində ilişib. Bütün tərəflərin atəşi dayandırmağa hazır olmasından ləngimədən istifadə etmək, eyni zamanda onların üz-üzə gəlməkdən inadla imtina etməsindən qaçmaq, normal vahid sənəd imzalamaq lazım idi.
Bütün bu iki il ərzində bizim “faksmil diplomatiyası” təcrübəmiz formalaşmışdı. Tərəflərlə telefonla razılaşma əldə edirdik, sonra bu razılaşmanı faks vasitəsilə möhkəmləndirirdik.
Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyevin kabinetində biz razılaşmanın mətnini hazırladıq. Yekunda Heydər Əliyev mayın 9-da müdafiə naziri Məmmədrəfi Məmmədovun dörd bənddən ibarət sənədi imzalamasına “xeyir-dua” verdi. Həmin sənəddə digər “imzaçının” – “Dağlıq Qarabağ qüvvələri”nin “komandan”ının də familiyası yer alırdı. Ancaq qarşıda onu həmin vərəqi imzalamaq gözləmirdi. Bakıdan bu mətni imzalamaq üçün Dağlıq Qarabağa göndərdim. Günün sonunda Heydər Əliyev mənə yenidən tapşırdı ki, İrəvana zəng edim və Ermənistanın razılaşmanı imzalamasına nail olum. Mən zəng etdim, ancaq fikirləşmirdim ki, oradan razılıq ala bilərəm. Ancaq təxminən saat yarım sonra gözlənilmədən İrəvanın razılığını aldım və bu da münaqişənin konfiqurasiyasına dair bizim konsepsiyamıza uyğun idi. Mən vərəqin sonunda iki imzaçının adının arasında əllə “Ermənistan müdafiə naziri” sözünü yazmalı oldum (bu, sənədin fotosurətindən görünür). Azərbaycan müdafiə naziri Məmmədov öz imzasını mənim əlyazmam olan vərəqdə təzədən qoydu və mən Moskvaya uçdum.
Mayın 10-da mən Ermənistan müdafiə naziri Serj Sərkisyanın yekun imzasını aldım. Mayın 11-də Dağlıq Qarabağdan “Qarabağ qüvvələrinin komandanı” Samvel Babayanın imzası ilə faks gəldi. Mən o saat bütün tərəfləri imzalama prosedurunun başa çatdığı barədə məlumatlandırdım və vasitəçi kimi bu razılaşmanın 2012-ci il, mayın 12-dən qüvvəyə mindiyini elan etdim. Ona görə də razılaşmanın bütün tərəflərin nümayəndələri tərəfindən imzalanmış vahid orijinalı və ya nüsxələri yoxdur. Sənədə heç bir möhür vurulmayıb, surğuclanmayıb, qovluğa tikilməyib. Onun parlamentlər tərəfindən təsdiqlənməsini də heç kim tələb etmədi və parlamentlər də təsdiqləmədi. Ancaq budur, xalqların razılaşmanı dəstəklədiyi dəqiqdir.

-Əvvəlcə sülhyaradıcı qoşunların münaqişə zonasına yeridilməsi planı vardı. Ona “Qraçov planı” deyirdilər. Bu müddəa atəşkəs haqda sazişdə də əks olunmuşdu. Amma bu məsələ sonradan gündəlikdən çıxarıldı. Səbəb nə idi?
-Atəşkəs haqda sazişdə atəşin kəsilməsinin sadə üsulları, məsələn, münaqişə tərəflərinin, ağır texnikanın təmas xəttindən uzaqlaşdırılması, bufer zonanın yaradılması, orada heytral müşahidəçilərin yerləşdirilməsi və s. yox idi. Belə hesab edilirdi ki, bu məsələlərin bir hissəsi Azərbaycan və Ermənistan müdafiə nazirlərinin, habelə Dağlıq Qarabağdakı erməni komandanlığı nümayəndələrinin Qraçovun iştirakı ilə keçiriləcək görüşündə həll ediləcək.
Görüş 1994-cü il, mayın 16-17-də Moskvada keçirildi. Nazirlərin lal-dinməz oturmasından pərt olmuş Qraçov elə jurnalistlərin gözü önündəcə nümayişkaranə şəkildə kəskin, amiranə və ultimativ danışıq tonu ilə danışmağa başladı ki, bu da mətbuatda sonra ayrı yerə yozuldu. Atəşkəs rejiminin möhkəmləndirilməsinə dair tədbirlər planı bu görüşə qədər işlənib hazırlanmış və bəyənilmişdi. Plan rusiyalı sülhməramlıların münaqişə zonasında yerləşdirilməsini nəzərdə tuturdu.
Lakin əsəbləri dözməyən təkcə Qraçov deyildi. Heydər Əliyev öz naziri Məmmədova elə həmin gün belə təcili göstəriş verdi ki, bu görüşdə işlənib hazırlanmış sədəni imzalamasın və guya əlavə təlimatlar almaq üçün Bakıya qayıtsın. Mayın 17-də Məmmədovla birgə Bakıya uçduq. Heydər Əliyev mayın 18-də onu qəbul etdi və Moskva sazişini imzalamamaq barədə göstərişini verdi. Heydər Əliyev mənimlə söhbətində Məmmədovu geri çağırmasını Qraçovun xoşagəlməz səs tonu məsələsi ilə izah etdi. Amma əsl səbəblər daha dərində idi. Biz mayın 19-da Məmmədovla birgə yenidən Moskvaya qayıdanda azərbaycanlı nazir Rusiya müdafiə nazirinin müavini Kondratyevlə görüşdə hazır sənədi imzalamamaq üçün yeni şərtlər irəli sürməyə başladı. O, qoşunların bir-birindən uzaqlaşdırılması məsələsini ələ keçirilmiş torpaqların boşaldılması kimi qəbul etdirmək istəyirdi. Bu isə hərbi-texniki məslədən daha çox hərbi-siyasi məsələ idi. Bunu da böyük siyasi sazişlə həll etmək mümkün idi.
Azərbaycan həmin günlərdə Qərb tərəfindən güclü təzyiqlərə məruz qalırdı. Atəşkəsin Rusiyanın vasitəçiliyi ilə əldə edilməsi Qərbi sadəcə dilxor edən məsələ idisə, münaqişə zonasında rus sülhməramlılarının yerləşdirilməsi Qərbdən ötrü qəbuledilməz idi. Bunu Minsk Qrupu rəhbərliyinin mayın 12-dən sonra qeyri-adi dərəcədə fəallaşmasından və Qərb diplomatiyasının 1994-cü il ərzində Qarabağa dair səylərinin dinamikasından da görmək olar. Qərbin bütün səyləri ona yönəlmişdi ki, Rusiya qüvvələri münaqişə zaonasına yerləşməsin. Azərbaycan bu təzyiqlərə dözmədi. Əliyev bu dəfə üzünü Qərbə çevirən siyasətə keçid komandası verdi.
Nəticədə bu ideya nə Rusiyadan, nə də Qərbdən lazımi dəstək almadı və obyektiv səbəblərdən kövrək oldu. Bu da daha çox ona görə belə oldu ki, rəsmi Bakı müdafiə nazirlərinin 1994-cü il, fevralın 18-də Moskvada keçirilmiş görüşünün protokolunun ziddinə olaraq qoşunları təmas xəttindən çəkmədi.
12.05.2017 12:05:13
Oxuma sayı: 887