"Ərazilərimizi Ermənistana təslim edən işğalçı Rusiyadır" - keçmiş YAP-çı deputat yazır
Ölçü:

Eldar SABİROĞLU,
Keçmiş YAP-çı deputat, Müdafiə Nazirliyində sabiq xidmət rəisi 

Dünyada elə bir ölkə yoxdur ki, ərazi problemi olmasın. Qərbdən tutmuş Yaxın Şərq ölkələrinə, Çinə, Hindistana, Pakistana, Türkiyə və Yunanıstana, Cənubi Amerika, hətta əsli-kökü əsrlər əvvəl meşə və cəngəlliklərdə, mağara dərinliklərində törənən və özlərinə dövlət quran Afrika ölkələrinədək torpaq və ərazilər üstündə qanlı müharibələr aparılıb. Bəşəriyyət bu şiddətin altında boğulmaq üzrədir.

Azərbaycan da o cümlədən. Artıq 30 ilə yaxın bir dövrü əhatə edən qarşıdurmalar ölkəmizə qarşı yönəldilən işğalçı siyasət dayandırılmır. Əksinə getdikcə daha güclü şəkildə Ermənistanın silahlı qüvvələrinin ərazilərimizdə nəzarəti möhkəmləndirilir. Bu proseslər özbaşına əmələ gəlməyib. Təcavüzkar Ermənistana dayaq duran dünyanın iri və nüfuzlu dövlətlərinin məkrli siyasi planları qovuşaraq məhz Azərbaycanı çıxılmaz duruma gətirib çıxardı. O qədər gecikdirdilər, həm də o qədər gecikdik ki, artıq Qarabağın taleyi böyük sual altında qalmaqdan o tərəfə adlayıb.

Rusiya hökumətinin bu işdə işğalçı siyasətinin xüsusi xidmətləri inkaredilməzdir. Hansısa yeni səbəblər, hadisələr barədə danışmıram.Hər birimizin . bildiyini danışıram. Azərbaycan ərazilərini qəsb edərək Ermənistana təhvil verən məhz Rusiyanın silahlı qüvvələrinin tabeliyində olan 366-cı motoatıcı alayı bu cinayətin başında durur.

Əlbəttə, Kremlin icazəsi olmadan bir əsgər və ya rus ordusunun Xankəndində 36 il əvvəl yerləşdirilən mexanikləşdirilmiş alayının bir texnikası belə dayanacaq parkından bir metr kənara çıxa bilməzdi. İndi vacib məqama toxunacağam ki, sizlərdən də xahiş edirəm diqqət yetirəsiniz. Həmin illərdə SSRİ dururdu, nəhəng dövlətin orqanizmində daxili irinləmələr başlasa da, ölü vəziyyətində deyildi. Onda qeyri-ixtiyarı sual doğur. Məgər Dağlıq Qarabağ ABŞ, Çin, Almaniya və İngiltərə ilə sərhəddə yerləşirdi ki, yarana biləcək təhlükəli vəziyyəti önləməkdən ötrü o vaxtın müasir silah və texnikası ilə təchiz edilən hərbi birləşmə hökmən Dağlıq Qarabağda dislokasiya olunmalı idi? Ordu qüvvələrinin dövlətə məxsus ərazilərdə yerləşdirilməsi bəli, hər bir ölkənin öz səlahiyyətləri çərçivəsində həll edilir. Lakin Dağlıq Qarabağ probleminin necə deyərlər, dünyəviəşməsi, onun müharibə vəziyyətinə çatdırılması üçün Rusiya əlindən gələni etdi. Nəticədə bu torpağın əzəli sahiblərindən olan azərbaycanlıları sonuncu nəfərinədək doğma yurdundan zor gücünə didərgin salıb ərazilərimizi Ermənistana təslim edən əsl işğalçı Rusiya dövlətidir.

30 min şəhid verdik, əvəzində 100- lə milli qəhrəmanımız, saysız-hesabsız generalımız oldu, ancaq viranə qalan kəndlərimizi, rayon və şəhərlərimizi, mədəniyyət abidələrimiz və dini məbədlərimizi düşmən tapdağından xilas edə bilmədik.Görün, necə də gözü - könlü tox millətik!!! Halbuki Ermənistanın nə bu sayda generalı, nə də bu sayda milli qəhrəmanı var. Bu qədərdən sonra yenə də Rusiya ilə qardaşlıq və dostluq tellərinin üzülməsini istəmirik. Bunun əksinin ölkə üçün daha acı nəticələr verəcəyini dərk etməmiş deyiləm. Bu mənada Rusiyanın təhlükəli dost olduğunun da fərqindəyəm. İşğal ərəfələrində və işğaldan dərhal sonra Rusiyanın bölgədə yaratdığı "müvəqqəti hökumətlərin" yeganə məqsədi erməniləri mühafizəsini gücləndirmək və Ermənistanın regiona təsirini təmin etməkdən ibarət olmuşdur ki, Rusiya bu öhdəliyini yerinə yetirdi.

Müdafiə Nazirliyində xidmət rəisi vəzifəsində çalışarkən bəzi tarixi arxiv materialları ilə tanış olarkən ATƏT-in Minsk Qrupunun yaradılması təşəbbüskarlarından biri və birincisi Rusiyanın olduğunu öyrənə bildim. Məqsəd vaxtı uzadıb vəziyyəti gördüyünüz mərhələyə çatdırmaqdan ibarət idi. Maraqlıdır ki, eyni problemləri yaşayan ölkələr üzərində Minsk Qrupuna oxşar təcrübələrin olduğuna rast gəlmədim. Bu fakt özlüyündə ermənilərə yanaşmanın əsas göstəricisi kimi diqqəti cəlb edən məsələlər sırasında dayanır.

Beləliklə, ötən hər gün xalqımızı əsirlikdə olan Qarabağımızdan uzaqlaşdırır...

05.12.2019 17:48:00
Oxuma sayı: 88