Pul kütləsi artır, inflyasiya sabit qalır - hansı yalandır?
Ölçü:


Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasına görə, dekabrın 1-ə inflyasiya ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz olub. Həmin tarixə olan illik hesablamada pul bazasının həcmi isə 18,8 faiz artıb. Belə ki, noyabrın sonuna Azərbaycanda pul kütləsi 10 milyard 674 milyon 500 min manat təşkil edib. İlin əvvəlindən pul kütləsinin artımı 1 milyard 128 milyon 800 min manat yaxud 11,8 faiz, illik hesablamada isə artım 1 milyard 689 milyon 300 min manat yaxud 18,8 faiz olub.

Koordinat.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib. O, qeyd edib ki, 2018-ci ildə pul bazasının artımı 12 faiz və ya 1002,5 milyon manat olub: "Göründüyü kimi, bu il pul bazası daha sürətlə artır. İqtisadi qanunauyğunluğa görə pul bazasının artımı ÜDM-in atımdan çox olanda monetar amillərin inflyasiya yaradıcı təsirləri güclənir. Bu ilin 10 ayının yekunlarına görə, illik hesablamada pul bazasının artımı ÜDM-in artımını 9 dəfə çox olduğu halda inflyasiyanın ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, eyni səviyyədə qalması Dövlət Statistika Komitəsinin bu göstəricini saxtalaşdırmasından xəbər verir. Belə çıxır ki, pul kütləsi sürətlə artır, inflyasiya sabit qalır, bu isə düzmütənasiblik təşkil edən iki göstəricidən birinin düzgün hesablanmamasının nəticəsi ola bilər".

Qubad İbadoğlu hesab edir ki, düzgün hesablanmayan və manipulyasiya olunan inflyasiya göstəricisidir. Onun fikrincə, həmişə olduğu kimi, rəsmi hesabatlarda yenə də inflyasiya aşağı göstərilir: "Halbuki müşahidələr göstərir ki, qiymətlər ötən illə müqayisədə daha sürətlə artır, xüsusilə də əhalinin istehlakında daha yüksək çəkiyə malik olan ərzaq məhsullarının qiyməti bahalaşır. Əslində pul bazasının artımını əmək haqları və sosial ödənişlər, eləcə də istehlak kreditləri şərtləndiyindən onun inflyasiyaya təsiri daha çoxdur. Odur ki, heç şübhəsiz ki, Azərbaycan bu il üçün gizli inflyasiya 10 faizin üzərindədir".

İqtisadçı alim bildirir ki, bütün bu göstəricilər Azərbaycan iqtisadiyyatının yaxşı durumda olmadığından xəbər verir: "Gözləntilərə görə, gələn il iqtisadiyyat və əhali üçün ağır il olacaq".

05.12.2019 11:08:00
Oxuma sayı: 540