Bəzi banklarda dolların alış kursu 1 manat 70 qəpiklik həddi keçib
Ölçü:


2019-cu ilin ilk 11 ayında 5 milyard 707 milyon dollar valyuta satan Dövlət Neft Fondu (ARDNF) ötən ilin analoji dövrü ilə müqayisədə satışı 1,3% azaltsa da, bu aydan etibarən dollara tələbin artması müşahidə olunmaqdadır.

Koordinat.az xəbər verir ki, bu barədə  iqtisadçı ekspert Vüar Bayramov özünün "Facebook" səhifəsində yazıb. O, bildirib ki, bəzi banklarda son aylar ilk dəfə olaraq 1 dolların alış kursu 1.7020-dək yüksəlib: “Öncədən proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlarla bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır. Bir barrel neftin dünya bazar qiyməti 60 dollardan aşağı olmasa da belə, hələ də neft ölkələri üçün məqbul səviyyə hesab olunmur. Eyni zamanda, neft bazarındakı volatillik də neft ölkələrinin valyuta gəlirlərinə birbaşa təsir göstərir”.

Dekabrda dollara tələbin artmasının davam edəcəyinin gözlənildiyini açıqlayan iqtisadçı, növbəti aydan etibarən tələbin yenidən stabilləşəcəyini vurğulayıb: “Manatın məzənnəsinin necə dəyişməsi isə birbaşa yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma aydındır ki, uzun müddətli dövrdə manatım məzənnəsinin stabilliyi üçün valyuta bazarına neftdən kənar sektordan daxil olan valyutanın həcminin artırılmasına ehtiyac var”.

04.12.2019 10:49:00
Oxuma sayı: 2241