Hesablama Palatasında Neft Fondunun fəaliyyəti müzakirə olunub
Ölçü:


Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

Qurumun mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, Kollegiya iclasında Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyi müzakirə olunub. Rəydə Dövlət Neft Fondunun 2020-ci il üçün büdcə layihəsi, habelə Fondun vəsaitinin 2020-ci ildə istifadəsinin əsas istiqamətləri (proqramı) və Fondun 2020-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetasının layihələri məqbul hesab edilmiş, onların təsdiq edilməsi barədə müvafiq Fərman layihəsinin Dövlət Neft Fondunun Müşahidə Şurasına təqdim edilməsi üçün Dövlət Neft Fonduna göndərilməsi tövsiyə olunub.

Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub:

Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində inzibatçılığın təşkili vəziyyətinə dair;
Sabunçu Rayon İcra Hakimiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair;
Mədəniyyət Nazirliyinin 2017-2018-ci illər üzrə maliyyə hesabatlarına dair.

Kollegiya iclasında nəzarət tədbirləri üzrə Auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarlarının və Auditor hesabatlarının göndərilməsi, Azərbaycan Respublikasının Milli Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda, həmçinin İş Planı ilə nəzərdə tutulmuş bir kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib, bir kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramda dəyişiklik edilməsi, Hesablama Palatası Kollegiyasının 2019-cu il 11 oktyabr tarixli, Q-137 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması Qaydaları”nın qəbul edilməsi ilə əlaqədar olaraq Palatanın digər metodiki sənədlərinin həmin Qaydalara uyğunlaşdırılması üzrə məsələlər, eləcə də “Kollegiya Qərarlarının və auditor hesabatlarının hüquqi təhlili üzrə Arayış”ın layihəsi müzakirə olunaraq təsdiq edilib.

02.12.2019 16:09:00
Oxuma sayı: 25