Parlamentin buraxılması barədə müraciəti Siyavuş Novruzov oxundu
Ölçü:


“Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlət idarəçilik, daxili və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurla davam edir. Sosial iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da effektiv transformasiyasını, həyata keçirilməsi daha geniş hədəflərin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zərurətə çevirir”.

Koordinat.az
xəbər verir ki, bunu Milli Məclisin Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında YAP-çı deputatların müraciətini oxuyarkən bildirib. 

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır: “Azərbaycan Nazirlər Kabinetində, məhkəmə-hüquq sistemində və regional idarəetmə orqanlarında struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Cəmiyyət inanır ki, islahatlar bunda sonra da uğurla davam etdiriləcək”.

S. Novruzov söyləyib ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesində kənarda qalmamalı, islahatların qanunvericilik sahəsində də əhatə etməsini təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir: “Belə ki, indiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, yeniləşməsinə dərin islahatlar strategiyasına uyğunlaşmasına dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə biruzə verir”.

Siyavuş Novruzov müstəqil və siyasi partiyalardan olan deputatları YAP üzvlərinin parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Milli Məclisə müraciətinə dəstək verməyə çağırıb.

 

02.12.2019 12:37:00
Oxuma sayı: 203