İşsizlikdən sığorta fondunun gəlirləri necə toplanacaq? -rəsmi açıqlama
Ölçü:


“İşsizlikdən sığorta fondunun 2018-ci büdcəsinin gəlir mənbələrini “İşsizlikdən sığorta haqqında” qanunla müəyyən edilmiş mənbələrlə müqayisə etdikdə, fondun gəlirlərinin tərkibində konkret olaraq yalnız sığorta haqlarının göstərildiyini deyə bilərik. Digər mənbələr isə ümumiləşdirilərək “sair gəlirlər” kimi qeyd edilib, sair gəlirlər tərkibi açıqlanmadan təqdim edilib”.

Koordinat.az
xəbər verir ki, bu barədə Hesablama Palatasının “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir. Sənəddə deyilir ki, bu, gələcəkdə hesabatlılığın təmin edilməsinə, şəffaflığın yüksəldilməsinə mane olan amiilərdir: “Hesablama Palatası İşsizlikdən sığorta fondunun gəlirlərinin qanunvericiliklə müəyyən edilmiş mənbələr üzrə açıqlanmasını, həmçinin sair gəlirlərin detallı çəkildə təqdim edilməsini məqsədəmüvafiq hesab edir”.

Bundan başqa, qurum bəyan edib ki, işsizlikdən sığorta fondunun statusunun müəyyən edilməsi və fəaliyyətinin tənzimlənməsi ilə bağlı normativ-hüquqi aktlar mövcud deyil: “Bu qurumun əhalinin sosial müdafiəsi sahəsində xüsusi əhəmiyyətə malik olduğunu, həmçinin mütəmadi olaraq bu sahəyə dövlət vəsaitlərinin artırıldığını nəzərə alaraq Hesablama Palatası fondun fəaliyyətinin və statusunun müəyyən edilməsi məqsədilə zəruri normativ-hüquqi aktların qısa müddət ərzində hazırlanmasını məqsədəmüvafiq hesab edir”.

Rəydə həmçinin qeyd olunur ki, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi qaydaları qəbul edilməsə də, həmin müddətlər 3 ay, 6 ay, 9 ay və 1 il kimi müəyyənləşdirilib. Həmin məqsədlə 2018-ci ildə 1,38 mln. manat məbləğində vəsait nəzərdə tutulub, bu vəsaitin 500 nəfərə qədər işaxtaran şəxsin, xüsusilə də gəncin işlə təmin olunmasına yönəldilməsi proqnozlaşdırılıb: “Hesablama Palatası vəsaitin bu müddətlər üzrə konkret qeyd olunmasını təklif edir. Eyni zamanda, Palata hesab edir ki, qaydalarda konkret olaraq hansı hallarda hansı müddətə sığortaolunanların əmək haqqının maliyyələşdirilməsinin şərtlərinin göstərilməsi şəffaflığın təmin olunması, sui-istifadə hallarının qarşısının alınması üçün məqsədəuyğun olardı”.

 
16.01.2018 13:04:03
Oxuma sayı: 999